Britaniyada Endirim günü baş tutub
26 Dekabr 2011 Bazar Ertəsi 23:26
Minlərlə alıcı univermaqların önündə gecə saatlarından uzun növbələrə durmalı olub.
Britaniyada pərakəndə satış mərkəzlərində hər il keçirilən “Endirim günü” baş tutub. Endirim gününə start verilməsini səbirsizliklə gözləyən minlərlə alıcı univermaqların önündə gecə saatlarından uzun növbələrə durmalı olub. Dükanlar və iri satış mərkəzlərinin açılmasıyla, böyük insan izdihamının içəri doluşması bir olub. Alıcılar ən çox sevdikləri ətirləri, ayaqqabıları, geyimləri və digər malları həmişəkindən qat-qat ucuz qiymətə almaq üçün mağazanın müxtəlif şöbələrinə var-gəl edib.
Londonun ən iri ticarət mərkəzlərindən olan Selfric univermağı son illərin görülməmiş alıcı aktivliyi ilə üzləşib. Şirkətin icraçı direktoru təkcə saat 10.00 və 11.00 radələrində mağazadakı satışlardan əldə olunmuş gəlirin ümumi məbləğinin 2 milyon dollara yaxın olacağını proqnozlaşdırıb.
Bununla belə Londonun mərkəzi hissələrində bir çox alıcılar nəqliyyat problemləri ilə üzləşib. Belə ki, metro işçilərinin bir günlük tətilə çıxması şəhərin nəqliyyat sistemində ciddi pozuntular yaradıb. Sürücülərin əsas tələbi maaşların qaldırılması və bayram günlərində onlara istirahət verilməsi olub. Britaniyanın Nəqliyyat Nazirliyi sərnişin daşınmasında yaranmış çətinlikləri aradan qaldırmaq məqsədilə marşrut xətlərinə əlavə avtobuslar çıxarmalı olub.
DOSTLARINLA PAYLAŞ: