Britaniya kraliçasının brilyant yubileyin ikinci günü keçirilir
03 İyun 2012 Bazar 10:32
Bu gün Temza çayında kral ailəsinə məxsus gəmi üzəcək.
Böyük Britaniyada kraliça II Yelizavetanın hakimiyyətə gəlməsinin brilyant yubileyi münasibətilə 4 günlük bayram tədbirləri başlayıb. Kraliça iyunun 2-dən 5-dək davam edən şənliklərin ilk gününü Epsom derbisi kimi tanınan sevimli at yarışlarında keçirib. Kral karvanı yaşıl meydançaya "Tanrı, kraliçanı qoru" himninin sədaları altında daxil olub. Yelizaveta və onun həyat yoldaşı Edinburq hersoqu Fillip yeni "Bentley" avtomobillərindən meydançadakı insanları salamlayıblar.
Brilyant yubileyin ikinci günündə kraliça öz ailəsi ilə barja tipli gəmidə Temza çayı boyunca hərəkət edəcək. Kral gəmisini 1000 gəmi və qayıq müşayiət edəcək. Sabah isə Bukinqem sarayında böyük konsert keçiriləcək.
Ümumilikdə bayram tədbirlərində 6 milyondan çox insan iştirak edəcək. Tədbirlərin təşkili Böyük Britaniyaya 800 milyon funt sterlinqə başa gəlib. Bütün ölkə dövlət bayraqları və çələnglərlə,mağazaların vitrinləri bayraq və kraliçanın portretləri ilə bəzədilib.
Qeyd edək ki,II Yelizaveta Böyük Britaniya taxtına 1953-cü ildə, 26 yaşında olarkən çıxıb. 60 il ərzində o, dünyanın 116 ölkəsinə səfər edib, müasir dövrün ən populyar və mötəbər monarxına çevrilib. 86 yaşlı ikinci Yelizaveta Britaniya monarxları arasında da ən uzunömürlüsüdür. Lakin hakimiyyətdə ən çox qalmağa görə o, hələ ki, kraliça Viktoriyadan geri qalır. Kraliça Viktoriya 19-cu əsrdə 63 il hakimiyyətdə olub.
DOSTLARINLA PAYLAŞ: