Brilyant alarkən, diqqətli olun!
10 Mart 2011 Cümə Axşamı 21:36
Satışda olan brilyantların çoxunun sertifikatı yoxdur
Dünya bazarlarında əksər malların qiymətləri düşdüyü bir vaxtda bazar iştirakçıları öz sərmayələrini qiymətli metal və daşlara yatırırlar. Daşlar arasında ən etibarlı yatırım isə brilyant hesab olunur. Belə ki, bu daş həm tək, həm də zinət əşyalarının üzərində qiymətini itirmir. Birjalarda satılan brilyantlara istehsalçı şirkət öz zəmanətini sertifikatla təsdiq edir. Bəs mağazalarda tək-tək, eləcə də zinət əşyaları üzərində satılan daşların keyfiyyətinə kim cavab verə bilər? Əksər ölkələrdə hər bir zərgərlik məmulatına və onun üzərində olan daşa sertifikat verilir. Azərbaycanda isə malların çoxunun bu sənədi yoxdur. Heç alıcılar da aldıqları malın sertifikatı ilə demək olar ki, maraqlanmır. Əksər hallarda onlar bir satıcının aldığı daşın keyfiyyətini yoxlamaq üçün sadəcə olaraq tanış zərgərə müraciət edirlər.

Satıcı Həqiqət Mehdiyevanın sözlərinə görə, brilyant üzərində birkalar olur: “Bu birkaların üzərində bu brilyantın neçə karat olduğu dəqiqliklə yazılır. İnsanlar, alıcılar aldıqları brilyantın sertifikatı ilə maraqlanmırlar. Çünki, onlar bilirlər ki, mağazada satılan mal saxta ola bilməz”.

Düzdür Azərbaycanda heç də bütün brilyantlar sertifikatsız deyil. Elə satış məntəqələri var ki, oradakı hər mala ayrıca sertifikat verilir. Amma bu mallar əsasən brend sayılan və xaricdə istehsal olunan mallardır.

Ekspertlər isə deyir ki, xaricdə hər bir daşın öz sertifikatı var. Azərbaycanda məmulatların üzərindəki daşların da sertifikatı olmalıdır. Belə olan halda, həm bazarda keyfiyyətsiz mala rast gəlinməz, həm də alıcı özünü saxta malın alınmasından sığortalaya bilər.

Zərgər Fuad Ələsgərov deyir ki, məhsulu hansı firma cilalayırsa, ona uyğun da sənəd verir: “Məhsulu yerində alanda daşların sertifikatı olur. Amma sırf bir çox məmulatların üstündə birka var. Xaricdə qaşa da sertifikat verilir. Bizdə o birka dediyimizdə, qaşdan neçə dənə gedəcəksə, ona uyğun sertifikatı olmalıdır”.

Hər bir sertifikatın üstündə onun fərdi nömrəsi, tarixi və hemoloji mərkəz haqqında məlumat öz əksini tapır. Azərbaycanda isə brilyantın tərkibinə Maliyyə Nazirliyi yanında Qiymətli Metallar və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti nəzarət edir. Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, xidmətin hemoloji laboratoriyasında qiymətli daşlar yoxlanılır və onların parametrlərinə uyğun tərkibləri müəyyənləşdirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar