Braziliya şahzadəsi yoxa çıxan təyyarədə sərnişinlər arasındadır
02 İyun 2009 Çərşənbə Axşamı 13:55
İngiltərəli Patrisia Koukler isə yoxa çıxan təyyarədə olan əri Arturun telefonundan siqnal gəldiyini bildirib

 

İkili -Braziliya və Belçika vətəndaşlığı olan 26 yaşlı Braziliya şahzadəsi Pedro Lui Orlenş Braqanş da yoxa çıxan Airbus A330-200 təyyarəsində sərnişinlər arasındadır. Bu barədə RİA Novosti RTBF telekanalına istinadən məlumat verib.

Telekanalın məlumatına görə, şahzadə Lui taxt-taca namizədlərdən biri hesab olunurdu. Avropada yaşayan şahzadə Braziliyada qohumlarının yanında qalıb.

İngiltərəli Patrisia Koukler isə yoxa çıxan AF 447 təyyarəsində olan əri Arturun telefonundan siqnal gəldiyini bildirib. The Sun qəzetinə istinadən “Gazeta.ru”nun verdiyi məlumata görə,  əri təyyarəyə minməzdən əvvəl iki dəfə onunla danışıb. Onun sözlərinə görə, təyyarənin uçuşu iki dəfə dəyişdirilib.

Təyyarənin yoxa çıxması məlum olandan sonra Patrisia yenidən ərinə zəng edib. Telefona heç kim cavab verməsə də telefon siqnal verir.

Xatırladaq ki, içərisində 228 nəfər olan Fransa Hava Yollarına məxsus təyyarə ötən gün Braziliyanın Rio de-Janeyro şəhərindən Fransaya uçuş həyata keçirərkən Atlantik okeanı üzərində yoxa çıxıb. Təyyarənin axtarışlarına  5 təyyarə və Braziliya Hərbi Hava Qüvvələrinə məxsus iki helikopter, müxtəlif gəmilər cəlb edilib. Axtarış işlərində ABŞ və Fransa da iştirak etməyə söz verib. /ANS PRESS/

 

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar