Braziliya karnavalında rekord qeydə alınıb
19 Fevral 2012 Bazar 11:56
Kolumbiyada da böyük festival keçirilir.
Dünyanın ən məşhur festivallarından biri sayılan Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən "Banda de İpanema" festivalında rekord qeydə alınıb. Belə ki, Karnaval çərçivəsində keçirilən paradlardan birində rekord sayda - 2,2 milyon adam iştirak edib.
"Kordao da Bola Preta" adlanan paradın tarixi 93 il əvvələ gedib çıxır. Festival çərçivəsində daha bir maraqlı tədbir də keçirilib. Belə ki, 50 mindən çox festival iştirakçısı palçıq şənliyinə qatılıb. Rəngarəng çimərlik geyimində özlərini palçığa atan iştirakçılar oradan eyni rəngdə çıxıblar. Bu isə öz növbəsində maraqlı görüntülərə səbəb olub. Qeyd edək ki, Braziliyanın «Banda de İpanema» festivalı ilk dəfə 1965-ci ildən keçirilməyə başlayıb. Festival 2004-cü ildən etibarən ölkənin mədəni irsi hesab edilir. Hər il festivalda iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən yüz minlərlə turist Braziliyaya gəlir.
Latın Amerikasında daha bir festival isə Kolumbiyada keçirilir. Barrankvilya şəhərində dünyanın ən böyük festivallarından biri başlayıb. Burada Kolumbiyanın ənənəvi musiqisi və rəqsi ifa edilir, hətta Braziliyanın Rio karnavalında belə görmək mümkün olmayan bəzi rəqslər təqdim olunur. Festivalda aborigen və Afrika musiqi alətlərində də ifa edilir. Qeyd edək ki, Barrankvilya şəhəri Latın Amerikası və Afrika musiqi mədəniyyətinin sintezinin vətəni sayılır. Barrankvilya festivalı artıq 150 ildir ki keçirilir. Kolumbiya hökuməti 2001-ci ildə bu festivalı ölkənin mədəni irsi elan edib.
DOSTLARINLA PAYLAŞ: