Brayza ABŞ-ın Qarabağla bağlı mövqeyinə aydınlıq gətirib
20 May 2011 Cümə 13:04
“Münaqişənin ədalətli və sülh yolu ilə həlli üçün ortada ədalətli təkliflər var”
ABŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli və sülh yolu ilə həlli istiqamətində ciddi səylə çalışır. Bunu “Amerikanın səsi” radiosuna müsahibəsində Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun ABŞ-ın Qarabağ münaqişəsinin nizamlanması prosesində ədalətli mövqe tutmamasına dair bəyanatına münasibət bildirən Birləşmiş Ştatların Azərbaycandakı səfiri Metyu Brayza bildirib.
“Mənim bu məsələdə fikrim bir qədər fərqlidir. Öz təcrübəmdən bilirəm ki, ABŞ və Minsk qrupundan olan tərəfdaşlarımız Dağlıq Qarabağ münaqişəsinin ədalətli və sülh yolu ilə həlli istiqamətində necə səylə çalışır. Təbiidir ki, münaqişə tərəfindən biri olan ölkənin rəsmilərini təmsil edən bir şəxs öz beynəlxalq tərəfdaşlarının daha çox fəaliyyət göstərməsini istəyir. Çox vaxt belə tənqidlər eşidirəm ki, Minsk qrupu çərçivəsində indiyədək heç nə əldə olunmayıb. Əslində isə çox böyük nailiyyət əldə olunub. Münaqişənin ədalətli və sülh yolu ilə həlli üçün ortada ədalətli təkliflər var. Sadəcə, bu təkliflərin bir az da işlənməsi tələb olunur. Əlbəttə, tərəflər razılıq verməzsə, hər hansı razılaşmadan söhbət gedə bilməz. Yəni, burada tarazılaşdırılmış balanslı yanaşmadan söhbət gedə bilər”, -deyə Brayza vurğulayıb.
Onun sözlərinə görə, bu razılaşmanın xüsusiyyəti belədir ki, hər şey barədə razılığa gəlinməyibsə, deməli heç nə barədə razılığa gəlinməyib. Brayza bildirib ki, hər şey barədə razılığa gəlmək üçün isə vaxt tələb olunur.
“Prezidentlər baza prinsipləri barədə razılığa gəlinib yekunlaşdırılması istiqamətində xeyli irəliləyiş əldə etmişdi, sadəcə bu istiqamətdə hələ də gediləsi yol var”, - deyə ABŞ-ın Azərbaycandakı səfiri qeyd edib.
DOSTLARINLA PAYLAŞ: