BP 7,8 milyard təzminat ödəyəcək
22 Dekabr 2012 Şənbə 12:59
Neft nəhəngi 2010-cu ildə Meksika körfəzindəki qəzada vurduğu ziyana görə cərimələnib.
BP şirkəti 7,8 milyard dollar həcmində təzminat ödəməli olacaq. Söhbət 2010-cu ildə Meksika körfəzində BP-yə məxsus neft buruğunda 11 işçinin ölməsi ilə nəticələnən partlayışdan sonra genişmiqyaslı neft sızmasından gedir. Xatırladaq ki, noyabrda ABŞ hökuməti BP şirkətini həmin qəzaya görə 4,5 milyard dollar həcmində cərimələmişdi.
Ötən gün isə ABŞ federal məhkəməsi qəza ilə bağlı BP şirkəti ilə zərərçəkmiş sahibkarlar və fiziki şəxslər arasında razılaşmanı yekunlaşdıraraq təsdiqləyib. Şirkətin ödəyəcəyi 7,8 milyard dollar təzminat isə qəzanın vurduğu iqtisadi ziyanla əlaqədar neft şirkətini məhkəməyə vermiş 100 mindən çox adama çatacaq. Bu məbləğə federal və yerli hökumətlərin cərimələri daxil deyil.
Qeyd edək ki, 2010-cu ildə baş vermiş məlum qəza Meksika körfəzinin ekologiyasına və heyvanat aləminə ciddi ziyan vurmuş, neft sızmasının qarşısının alınması qəzadan 8 ay sonra mümkün olmuşdu.
DOSTLARINLA PAYLAŞ: