Böyük kişilərin sözü nə olacaq:
30 May 2011 Bazar Ertəsi 00:34
“Deməli Qarabağ ətrafında olduqca ciddi, bəlkə də həlledici proseslər gedir…”
…3 prezidentin ilk baxışda hətta azca yumşaldılmış ultimatuma bənzəyən bəyanatı münaqişə tərəflərinə iyuna qədər vaxt verir və məsələnin həllində vasitəçilik edən Minsk Qrupu həmsədliəri olan dövlətlərin başçıları bu müddətdə Azərbaycan və Ermənistan prezidentlərini cəmiyəti müharibəyə yox, sülhə hazırlamağa çağırır. Amma maraqlıdır ki, nə ermənilər, nə də azərbaycanlıların mövqeyində əsaslı dəyişikliklər baş verib. Ermənistan hesab edir ki, Qarabağın statusunun müəyyən edilməsi başıca şərtdir və yəqin iyunda prosesi yekunlaşdırmağa çağırış sənədi bunu nəzərdə tutur. Elə Azərbaycan tərəfi də öz payına razıdır…və böyük üçlüyünün bəyanatını elə təqdir edir ki, sanki bunu çoxdan gözləyirdi.

Əlbəttə, hələ ki, faciə baş verməyib, Qarabağın müstəqilliyi tanınmayıb və Azərbaycan hüquqi baxımdan məğlubiyyətə uğramayıb. Yəni kağız üzərində Stepanakert bizdən ötrü Xankəndi olaraq var. Amma Azərbaycanın dünyanın ikili standartlarından daha artıq əziyyət çəkdiyi aydındır və münsiflərin obyektiv olacağına inanmamağa haqqı var. Bax elə bu yaxınlarda Gürcüstanda baş vermiş hadisələr bunu bir daha nümayiş etdirdi. Müqayisə edək: mayın 25-dən 26-na keçən gecə Gürcüstan müxalifətinin mitinqini Mixail Saakaşvili sərt formada dağıtdı. İki nəfər öldü. Onlarla insan ağır yaralandı, rezin güllələrdən də istifadə olundu, gözyaşardıcı qazdan da, ANS-i təmsil edən jurnalistlər də daxil olmaqla kütləvi informaisya vasitələri nümayəndələri döyüldü, onların hadisələri işıqlandırmasına əngəl yaradıldı…



Bura isə Azərbaycandır. Aprel ayında Bakıda keçirilən mitinqdə bizim polisin davranışını görürsünüz.



Əlbəttə mən demirəm ki, bizdə polis vətəndaşın kürəyini ovxalayır, ya da Daxili Qoşunların əskər bəyi əlindəki dəyənəklə arşın malı ölçür…Amma razılaşaq ki, Bakıda baş verənlər Tiflisdə baş verənolərlə müqayisədə daha sayadır, daha mülaiymdir və miqyas etibarilə də xeyli kiçikdir… Bütün bunlara baxmayaraq Qərbin demokratiya və azadlıq inspektorları Bakı hadisələrini daha kəskin tənqid etdi, Bakı aksiyalarında saxlanılanların dərhal azad edilməsini tələb edənlərin sayı Gürcüstan rejiminin saxladıqlarına azadlıq istəyənlərin sayından qat-qat artıq idi. Yadınızdasa elə Ermənistanda da baş vermiş hadisələrə münasibətdə yanaşma xeyli fərqli olmuşdu. Bakıya dördgözlə baxanlar, İrəvandakı bu qanlı qansızlıqlara gözüyumulu nəzər yetirmişdilər…

Və məncə narahatlıq üçün az səbəb deyil. Bu gün Azərabaycan Ermənistana nisbətdə təzyiqə daha çox məruz qalır. Avropa Birliyi Parlamentinin sərt tənqidini eşidir, Kollektiv Təhlükəsizlik müqaviləsi üzvlərinin adından Medvedyevin təhdidi ilə üzləşir… Cəbhə xəttində getdikcə intensivləşən atışmalar, verdiyimiz şəhidlər, dövlət başçısını dalana dirəməyə istiqamətlənmiş cəhdlər, İlham Əliyevə təzyiqlərin getdikcə artırılması və bu fonda əldə olunan bir sıra nəticələr… Bayaqdan sadaladıqlarım bir buket halında dövlətimiz üçün yaxşı aqibət vəd etmir… Əvvlələr bizə sülh təklifi verənlər, indi sülh komandası, sülh əmri verirlər… Bəs biz bu əmri yerinə yetirməsək nə olacaq? Bizi nəyə məcbur edəcəklər? Axı Obama, Sarkozi və Medvedevin verdiyi birgə bəyanatda hədə ruhu aydın sezilir. Əgər iyunda ümumi prinsiplər razılaşdırılmazsa, deməli tərəflərin səmimiyyətinə inanılmaycaq və belə anlaşılacaq ki, gərginliyi artırmaqda onlar özləri maraqlıdır…nəzərə alsaq ki, Azərbaycana sanki böyüdücü şüşədən baxırlar. Bizdən daha çox şey tələb edir, daha çoxunu gözləyirlər. Onda sizə elə gəlmirmi günahkar biz ola bilərik?
Birləşmiş Ştatlar, Fransa və Rusiya müharibə variantını dəstəkləmir, bir ağızdan bəyan edirlər: İstisnasız olaraq sülh yolu ilə!!! Və açıq deyirlər ki, bunu belə etməsək: dünya birliyi pisləyəcək… Dünya birlyinin necə pislədiyini isə biz Suryiada, Liviyada, Tunisdə, Yəməndə, Misirdə görmüşük…

Və deməli bu artıq adi bəyanat deyil. Deməli Qarabağ ətrafında olduqca ciddi, bəlkə də həlledici proseslər gedir… qarşıdan iyun gəlir… Bəlkə də Azərbaycanın dövlət imtahanı verəcəyi tarix…

Mir Şahin


DOSTLARINLA PAYLAŞ:

oyunlar