Bolqarıstanda hökumət buraxıldı
21 Fevral 2013 Cümə Axşamı 07:34
Ölkədə etirazlar hakimiyyətin istefasına səbəb olub.
Bolqarıstanda ölkə rəhbərliyinə qarşı artıq bir neçə gündür ki, davam edən etirazlar sonda hökumətin istefaya getməsinə səbəb olub. Qeyd edək ki, ölkədə enerji dəyərinin artması, rüşvətxorluq halları və ümumi iqtisadi geriləmə etirazların baş qaldırmasına əsas səbəblərdir. Minlərlə Bolqarıstan vətəndaşı bazar günündən etibarən etirazlara qoşulub. Hökumət əleyhinə şüarlar səsləndirən etirazçılar, rəhbərləri cinayətkar təşkilatlarla əlbir olmaqda günahlandırıblar.
Qeyd edək ki, etirazlar zamanı indiyə kimi 15-dən çox fəal xəsarət alıb. Ötən gün ölkənin baş naziri Boyka Barisov hökumətin buraxıldığını açıqlayıb. Çıxışı zamanı Barisov bildirib ki, xalq hökumətə etibar etmədiyi halda, onun öz fəaliyyətini davam etdirməsi faydasızdır.
“İlk öncə partiyamızın üzvlərinə indiyə qədər bir-biriləri ilə həmrəy qala bildikləri üçün minnətdarlığımı bildirmək istəyirəm. Bu 4 ildə hökuməti dəstəklədiyiniz üçün sizə təşəkkür edirəm. Partiyamız demokratik prinsiplər əsasında parlamentdə təmsil olunurdu. Dünən biz etirazçıların tələblərini yerinə yetirmək üçün maksimum şəkildə əlimizdən gələni etməyə çalışdıq. Bu gündən sonra artıq heç nə edə bilmərik. Tökülən hər damla qan bizim üçün ləkədir. Mən parlamentin ətrafını çevrələnmiş şəkildə görmək istəmirəm. Hakimiyyətdə qalmaq bizim əsas məqsədimiz deyil. Əgər özümüzü öz xalqımızdan qoruya bilmiriksə, hakmiyyətdə qalmağımızın faydası yoxdur. Düşünürəm ki, ölkədə daha etibarlı siyasi qurumlara ehtiyac var” – deyə Bolqarıstanın sabiq baş naziri Boyko Barisov bildirib.
DOSTLARINLA PAYLAŞ: