Bolqar kəndlilər fransız kəşfiyyatçıları şil-küt elədi
03 Noyabr 2012 Şənbə 06:49
Kəndlilər fransız casusları kartof oğrusu hesab edərək möhkəm döyüblər.
Fransanın Bolqarıstandakı dırnaqarası “casus oyunları” bu ölkənin məxfi orqanını mətbuatda gülüş obyektinə çevirib. Belə ki, yerli kütləvi informasiya vasitələri, qalmaqalın Bolqarıstanın Plevne şəhəri yaxınlığında yerləşən bir kəndində baş verdiyini və həmin vaxt Fransalı kəşfiyyatçıların məxfi təlim tapşırığında olduğunu yazır.
İnsident zamanı yerli sakinlər 5 məxfi agenti qarətçi sanaraq, onlara hücum edib. Sakinlər tez-tez üzləşdikləri kartof oğruluğundan təngə gəldiyindən, kəşfiyyatçıların dediklərinə inanmayıb. Qızğın mübahisə sonradan əməlli başlı davaya çevrilib.
Qeyd edək ki, agentlərin ikisinin ayaq nahiyyəsindən güllə yarası aldığı, 3-nün isə hiddətlənmiş sakinlər tərəfindən döyülərək burunun sındırıldığı bildirilir. Nə Bolqarıstan nə də Fransa hökümətləri həmin qrupun casus olduğunu təsdiq etməyib. Bununla belə, Bolqarıstanın həmin şəxsləri heç bir şey olmayıbmış kimi tezliklə Fransaya təhvil verməsi, rəsmi bəyanatların nə dərəcə doğru olmasını şübhə altına alıb.
“Müstəntiqlər artıq məsələni həll edib. Göndərdiyimiz sorğudan sonra, Fransa səfirliyi kənddə saxlanılmış həmin şəxslərin kimliyini təsdiq edib. Onlar Fransa tərəfinə təhvil verilib və onlara qarşı Bolqarıstanda hər hansı bir cinayət işi açılmayıb” – deyə Bolqarıstanın Müdafiə Naziri Sevtan Sevtanov bildirib.
Məlumata görə, fransızlardan 3-ü özlərini ekstrimal idmançılar kimi təqdim edib. Onlar Ruminyada təyyarədən paraşutla tullandıqlarını, ancaq küləyin onları Bolqarıstan ərazisinə sürüklədiyini bildirib. Sonradan kəndə avtomobillə daxil olan 2 fransız isə məhz dostlarının dalınca gəldiklərinə inandırmağa çalışıb.
DOSTLARINLA PAYLAŞ: