Boliviyada nazir vəzifələri qadınlar və kişilər arasında bərabər bölüşdürüldü
24 Yanvar 2010 Bazar 03:40
Evo Morales: “Bu, təkcə sosial yox, həm də siyasi ədalətsizlik üzərində qələbədir”
Boliviyada ölkə tarixində ilk dəfə nazir portfelləri kişilər və qadınlar arasında bərabər qaydada bölünüb. Ölkə prezidenti Evo Morales ikinci müddətə andiçmə mərasimindən sonra zərif cinsin 10 nümayəndəsini nazir təyin edib. Ədliyyə, korrupsiya ilə mübarizə, sənaye, kənd təsərrüfatı və səhiyyə sahələri qadınlara etibar edilib.

Evo Morales nazir vəzifələrinin qadın və kişilər arasında bərabər bölünməsini belə dəyərləndirib: “Nəhayət, arzum həyata keçdi. Bu gün biz təkcə sosial yox, həm də siyasi ədalətsizliklə mübarizədə qalib gəldik. İndi dövlət idarəçiliyi məsələləri ilə qadınlar və kişilər bərabər səviyyədə məşğul olacaqlar. Hökumətdə qadın və kişi bərabərliyi mənim anama, bacıma və qızıma hörmətin əlamətidir”.

Qeyd edək ki, Evo Moralesin hakimiyyətə gəlişi ilə Boliviya parlamentində də qadın deputatların sayı əhəmiyyətli dərəcədə artıb. Senatın rəhbərlərindən biri tanınmıq jurnalist Ana Mariya Romerodur.

50 yaşlı Evo Morales Ayma aymar xalqının nümayəndəsidir. O, orta məktəbi bitirmədən işləməyə başlayıb və sonralar həmkarlar liderinə çevrilib. Evo Morales heç vaxt rəsmi nikahda olmayıb. Bununla belə, o, özünü iki övladın atası sayır.

Evo Morales 2006-cı ildə Boliviyaya rəhbərlik edir. O, son prezident seçkilərində seçicilərin 64 faizinin etimadını qazanıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar