BMT TŞ Suriyaya dair mühüm ismarış verdi
26 İyun 2012 Çərşənbə Axşamı 10:55
Nümayəndələr Suriyada dinc sakinlərin qorunması üçün ciddi addımlar atmağa çağırdılar
Ötən gün Nyu-Yorkda BMT-nin Təhlükəsizlik Şurasında Suriya məsələsi müzakirə olunub. BMT-nin baş katibi Pan Gi Mun Suriyada dinc sakinləri qorumaq üçün daha çox şeyin edilməli olduğunu deyib.
"Suriyada hökumət qüvvələri ilə silahlı qruplaşmalar dinc sakinləri qətiyyən nəzərə almadan döyüşürlər. Hücumlar həm sayına, həm də qəddarlığına görə artır. Biz burada danışarkən, Homs və digər şəhərlər bombalanır. BMT müşahidəçiləri gördüklərini dünyaya çatdırmaq üçün öz həyatlarını riskə atırlar. Onlar dinc sakinlərə silahlı hücumlardan, edama bənzər qətllərdən və müxalifət qüvvələrinin xəstəxanaların içərisindən atəş açmasından xəbər verirlər. Münaqişə zonası boyunca daha çox şey etməliyik. Xüsusilə qadın və uşaqları qorumaq üçün bir şey etməliyik. Jurnalistlərə hücumların qarşısını almaq, günahsız insanları xilas etmək üçün daha çox şey etməliyik", - deyə Pan Gi Mun bildirib.
ABŞ-ın BMT-dəki nümayəndəsi Syuzan Rays bir iş görməyin vaxtı olduğunu bildirib."Bu şuranın ayağa durmaqdansa sadəcə dayanıb durmağa davam etməsi utandırıcıdır", - Syuzan Rays belə deyib.
Türkiyənin BMT-dəki nümayəndəsi Ərtuğrul Apakan Suriya hökumətinin, hər şeydən əvvəl, öz xalqının müdafiəsini düşünməli olduğunu deyib. "Beynəlxalq ictimaiyyət Suriyada zorakılığa və böhranın dərinləşməsinə son qoymaq üçün öz qətiyyətini nümayiş etdirməli, təsir edə bilən əlavə mühüm tədbirlər görməlidir. Türkiyə dünya ictimaiyyəti ilə birlikdə xüsusi səfir Kofi Ənnanın 6-bəndli sülh planını dəstəkləməyə davam edəcək"- deyə, Türkiyənin BMT-dəki nümayəndəsi bildirib.
Suriya nümayəndəsi Bəşər Cəfəri isə bildirib ki, Suriyada baş verənlərdən dolayı dünya ictimaiyyətinin nahatlığı Suriya hökumətini sarsıtmamalıdır: "Bir ali anlayış öz məqsədlərinə görə dövlətin suverenliyinə və onun daxili işlərinə müdaxilə edilməsinə güzəştə gedilə bilməz. Dinc sakinlərin qorunması adı altında müdaxilə və aqressiv siyasi gündəmə yol verilməməlidir. Bu cür siyasətlərin ilk və əsas qurbanı, təbii ki, dinc sakinlərdir."
Rusiya da Suriyaya hərbi müdaxiləyə qarşı çıxdığını bir daha nümayiş etdirib. "Dinc sakinləri qorumaq məsələsinə gəldikdə, onları yanlış təqdim etmək cəhdi ciddi siyasi təhriflərə və beynəlxalq əlaqələrin məcburi hala gəlməsinin güclənməsinə gətirib çıxara bilər." - BMT-dəki Rusiya nümayəndəsi Serqey Karev bildirib.
BMT-nin hesablamalarına görə, Suriyada 15 aydır davam edən iğtişaşlarda 10 mindən çox adam ölüb, on minlərlə sakin öz evlərindən didərgin düşüb. İnsan haqları fəalları isə ölənlərin sayının 14 mini ötdüyünü bildirirlər.
DOSTLARINLA PAYLAŞ: