BMT İrana qarşı qətnamə qəbul etdi
19 Noyabr 2011 Şənbə 03:06
Baş Assambleyada sənədin lehinə 106 ölkə səs verib.
BMT Baş Assambleyası Səudiyyə Ərəbistanının hazırladığı “Beynəlxalq müdafiə olunan şəxslərə terror hücumları” adlı qətnamə qəbul edib. İranın əleyhinə yönələn qətnamənin lehinə 193 ölkədən 106-sı səs verib. 9 ölkə sənədə qarşı çıxıb, 40 dövlət isə bitərəf qalıb.
Qətnamə müəllifləri Səudiyyə Ərəbistanının ABŞ-dlakı səfirinin qətli məqsədilə sövdələşmənin pislənməsini vacib sayırlar. Sənəddə İran tərəfi beynəlxalq hüquq, o cümlədən beynəlxalq müdafiə olunan şəxslərə qarşı cinayətlərin qarşısının alınması və cəzalandırılması ilə bağlı Konvensiya üzrə bütün öhdəliklərini yerinə yetirməyə çağırılır. Qətnamədə Səudiyyə Ərəbistanı səfirinə qarşı sui-qəsd sövdələşməsinin planlaşdırılması, maliyyələşdirilməsi, təşkili və həyata keçirilməsi cəhdində iştirak edənlərin məsuliyyətə cəlb olunmasına yardım göstərilməsinin vacibliyi xüsusi qeyd edilir.
İranın BMT-dəki daimi nümayəndəsi Məhəmməd Xəzayi Səudiyyə Ərəbistanının təşəbbüsünü presendnnsiz və qəbuledilməz adlandırıb. Onun sözlərinə görə, qətnamənin qəbulu BMT-yə olan etimadı sarsılda bilər. Bununla belə, iranlı diplomat qeyd edib ki, BMT-nin Baş Assambleyası istənilən məsələyə baxa bilər: “Görünür, onun gündəliyinə fərziyə xarakterli, uydurma məsələləri daxil edənlər bu möhtərəm orqanı siyasi hesablaşmalar meydanına çevirmək istəyirlər”.
İran tərəfi qətnaməyə dörd yumşaldıcı düzəliş təklif etsə də, onların heç biri qəbul edilməyib.
Xatırladaq ki, bu il oktyabrın 11-də ABŞ tərəfi Səudiyyə Ərəbistanının Vşinqtondakı səfirinə qarşı sui-qəsd sövdələşməsinin üstünün açıldığını bəyan edib. ABŞ-ın ədliyyə naziri Erik Holder bildirib ki, qətli həyata keçirməli olan İran əsilli Mənsur Arbabsiar sentyabrın 29-da həbs edilib. Daha bir iranlı - Qulam Şakiri isə axtarışa verilib. Bildirilir ki, həbs edilən iranlı İran İslam İnqilabı Keşikçiləri Korpusu, Qulam Şakiri isə korpusun tabeliyində olan “Əl Qüds” xüsusi xidmət orqanı ilə əməkdaşlıq ediblər.
DOSTLARINLA PAYLAŞ: