BMT Baş Assambleyası Suriya hakimiyyətinə qarşı qətnamə qəbul etdi
17 Fevral 2012 Cümə 01:47
Sənədin lehinə 137, əleyhinə 12 ölkə səs verib.
Nyu-Yorkda BMT Baş Assambleyasının bu gün keçirilən iclasında Suriya ilə bağlı qətnamə qəbul edilib. Qətnamədə Dəməşq dinc müxalifətçilərin təqibinə son qoymağa çağırılır. Sənədin lehinə 137 ölkə səs verib. Rusiya və Çin də daxil olmaqla 12 ölkə qətnaməyə qarşı çıxıb, 17 ölkə isə bitərəf qalıb.
Misir tərəfindən hazırlanan qətnamə Suriyadakı böhrana son qoyulmasına və bu ölkəyə BMT-nin xüsusi elçisinin təyin edilməsinə xidmət edir. Amma bir müddətdir ərəb ölkələri nümayəndələrinin səsləndirdikləri təkliflər qətnamədə nəzərə alınmayıb. Belə ki, sənəddə Ərəb Ölkələri Liqası və BMT-nin birgə sülhməramlı missiyasının həyata keçirilməsi nəzərdə tutulmur.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasından fərqli olaraq, Baş Assambleyada Rusiya və Çinin veto hüququ yoxdur. Bundan başqa, Baş Assambleyanın qətnamələri tövsiyyə xarakteri daşıyır.
Xatırladaq ki, fevralın 4-də Rusiya və Çin BMT Təhlükəsizlik Şurasında Suriyaya dair qətnamənin qəbuluna imkan verməmişdilər. 15 üzvü olan Təhlükəsizlik Şurasının qətnamələri məcburi xarakter daşıyır.
DOSTLARINLA PAYLAŞ: