Biz heç kəsin işinə qarışmırıq, amma bizim işimizə qarışın!
06 İyun 2011 Bazar Ertəsi 00:12
Maraqlıdır, məgər NATO-nun üzvü olan dövlətlərin hamısı aqressordur?
Qoşulmayanlar Hərəkatı. Bu hərəkat hərbi siyasi qruplaşma və bloklarda iştirak etməməyi öz siyasi kursunun əsası elan etmiş ölkələri özündə birləşdirir. Azərbaycan bu hərəkata qoşuldu. Baxmayaraq ki, qoşulmamaq hərəkət etməməkdir. Hərəkət etməmək isə hərəkat üçün o qədər də uyğun siyasi poza deyil. Məsələləri nisbətən bəsitləşdirsək bu hərəkatın fəlsəfəsi də elə təxminən belədir: “Bizim heç kimdə işimiz yoxdur!”. Əlbəttə işğala məruz qalmış, ciddi hərbi -siyasi müttəfiqlərə ehtiyacı olan Azərbaycanın bu addımı çoxu üçün gözlənilən olmadı. Ona görə ki, NATO-nun tərəfdaşlıq proqramı çərçivəsində əməkdaşlıq edən, Şimali Atlantika blokunun eqidası altında həyata keçirilən təlimlərə, sülh məramlı əməliyyatlara qatılan, bir neə il əvvələ, daha doğrusu Rusiyanın Gürcüstana hücumuna qədər NATO-ya üzv qəbul olunacağı barədə müntəzəm bəyanatlar verən bir ölkənin günlərin bir günü heç bir hərbi-siyasi bloka qoşulmamaq qərarına gələcəyi ağlabatan deyildi.
Amma görünür Gürcüstan, Ukrayna kimi gözü çıxarılan qardaşlarından öyrənən Azərbaycanın bu addımı atmasını zəruri edən səbəblər çox ciddidir. Bu səbəblər sırasında heç şübhəsiz NATO ardınca düşüb Abxaziya və Cənubi Osetiyasız qalan Gürcüstan faktoru var. Bu yazzzıq dövlət NATO yolunda daha hansı zülümlərə tab gətirmədi… Ya da elə on ildə iki inqilab yaşayan Ukraynanı götürək… ortada tez-tez şahə qalxan madyandan savayı heç nə yoxdur. Elə Azərbaycan da bu hərbi-siyasi blokun bürokratiyasının sabah-sabahını gördü. Əlbəttə əskər və zabitlərimizin hərbi forması NATO standartlarına uyğundaşdırıldı. Məzmununu inşaallah müharibə göstərəcək. Amma bundan o yanası bizim üçün sirrdir. Ara yerdə Akif Nağı həbsxanaya düşdü.
Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov Bakının bu addımını onunla əsaslandırdı ki, bununla biz aqressor olmadığımızı sübut etmək istəyirik. Maraqlıdır, məgər NATO-nun üzvü olan dövlətlərin hamısı aqressordur? Və ikinci məntiqi dəlil daha maraqlıdır: “Qoşulmayanlar hərəkatı dünyaya Dağlıq Qarabağ münaqişəsi barədə həqiqəti və Azərbaycanın ədalətli möbvqeyini çatdırmaqdan ötrüəlavə platforma ola bilər. Bəli, cənab nazir ola bilər.” Amma icazə verin soruşum: bu blokda təmsil olunan dövlətlərin Qarabağ münaqişəsi barədə ədalətli məlumata malik olması nəyi dəyişəcək? Malayziya və ya Timorun nüfuzu Qarabağ məsələsində bizə nə verəcək? Müstəqillik bayramımıza-28 maya anlaşılmaz hədiyyə ilə girdik.
Taleyin kinayəsinə baxın ki, bu quruma sədrliyi hüquqi olaraq hələ də Hüsni Mübarək edir…Misirin devrilmiş rəhbəri!!! Tərs kimi də qurumun iddiasızlığı, nə ət nə də balıq prinsipləri ilə Elmar Məmmədyaorvun qətiyyətli bəyanatı heç cür uyuşmur… “Azərbaycan Xəzər-Qafqaz regionunda açar, güclü, geniş imkanlara malik sabit bir ölkə, habelə çoxşaxəli və balanslaşdırılmış xarici siyasət yürüdən etibarlı tərəfdaş kimi özünü özünü təsdiqləyib! Bu baxımdan ölkələr qoşulmayanlar hərəkatının canlandırılmasında daha qətiyyətli olmalıdırlar.” Bloklara qoşulmamaq və canlandırılmaq. Yenə də məntiqi pozuntu var. Bu ölkələr nəyisə canlandırmaq istəsəydilər daha bloklara qoşulmayanlara niyə qoşulurdular ki? Bir sıra ekspertlər hesab edir ki, Azərbaycan bu addımı atmaqda tələsib. Çünki heç olmazsa qoşulmayanlara qoşulmamaq olardı. Hətta içəridə NATO-ya daxil olmamaq qərarı verilsə belə.
Bu addımın qəzəbli və həm də yavaş-yavaş acan Rusiyanı qıcıqlandırmamaq naminə atıldığı da tutarla fakta bənzəyir. Əlbəttə, obıvatel vətəndaş Rusiyanın ağsaqqallığı ilə Ermənistan və Azərbaycan prezidertlərinin Kazan danışıqılarından çox şey gözləyir. Yeri gəlmişkən, Bakı Moskvayla qaz sazişi bağlayanda da oxşar ümidlər puçurlamışdı. Amma çox ola bilsin ki, bu danışıqlardan da bir şey alınmayacaq…Çünki Ermənistan da, Azərbaycan da danışıqlara apardıqları mövqeyi cəmiyyətə tam təqdim ediblər. Hər iki tərəf güzəştə getmək niyyətində deyil. Rusiyanın isə tərəflərə qulaqburması verib öz yerlərində, daha doğrusu, öz köhnə yerlərində oturdacağına sadəcə inanmıram. Ara yerdə Ermənistan maraqlı bir üstünlük qazanır. O Kollektiv təhlükəsizlik müqaviləsinin üzvüdür. Lap elə NATO kimi deyil, amma hər halda hərbi-siyasi blokun üzvüdü ki?!! Azərbaycan isə öz qərarı ilə özünü istənilən hərbi-siyasi blokdan kənarda qoydu. Sonda isə bir şey deyim. Doğrudan bilmirəm a, Artistilik eləmirəm…Tutaq ki, sabah biz durub getdik Liviyada, Suriyada sülh yaratmağa. Bəs adamdan soruşmazlar ki, Mamed xeyir ola? Həm də ki, Azərbaycan etiraf etməliyik ki, kiçik və əhalisi az ölkədir. Sabah dadımıza kim çatacaq? Qoşulmayanlar hərəkatına qoşulanların dərdli günündə hansı qoşulmayan qoşulmayanın köməyinə yetib ki, bizim də harayımıza çatsın!??
Unutmayaq: hələ ki, neftimiz, qazımız var, cazibədarıq, sabah bu təbii cazibə bizi tərk edəndə nə olacaq? Biz bu addımımızla qurd ayrıcında yaşayan, buna baxmayaraq buynuzundan imtina etmiş ağıllı qoça oxşamırıq ki…
Mir Şahin
DOSTLARINLA PAYLAŞ: