Binyamin Netanyahu 1967-ci il sərhədlərinə qayıtmağı bir daha istisna edib
24 May 2011 Çərşənbə Axşamı 11:51
İsrailin baş naziri bunun qeyri-mümkün olduğunu deyib
İsrailin baş naziri Benyamin Netanyahu İsrail-Fələstin münaqişəsinin 1967-ci il sərhədlərinə əsasən həllinin qəbul edilməz olduğunu bir daha bəyan edib. ABŞ-ın paytaxtı Vaşinqtonda Amerika-İsrail İctimai Əlaqələr Komitəsinin konfransında çıxış edən Binyamin Netanyahu bildirib ki, yəhudi xalqı ABŞ prezidenti Barak Obamanın bir neçə gün əvvəl səsləndirdiyi təklifinə əsasən "müdafiəsi mümkün olmayan" 1967-ci il sərhədlərinə qayıda bilməz.

"Bu münaqişə bir əsrə yaxındır davam edir, çünki fələstinlilər buna son qoymaqdan imtina edirlər. Onlar yəhudi dövlətini tanımaqdan imtina edirlər. Münaqişə də həmişə bu səbəbdən yaranıb. Fələstinlilər üçün sülh İsrailin təhlükəsizliyini təmin etməlidir. İsrail xalqının istəyi Yaxın Şərq xalqı üçün də Amerikada və İsraildə olan bir şey - demokratiyanın mövcudluğundan ibarətdir. Əsas həqiqəti dərk etmək vaxtıdır: İsrail Yaxın Şərqdə olan yanlışlıq deyil, Yaxın Şərqdəki doğrudur."- deyə Benyamin Netanyahu bildirib.

İsrailin baş naziri Yaxın Şərq sülh prosesinə dair öz gələcək mövqeyini bu gün ABŞ Konqresindəki çıxışında ifadə edəcək.

"Region xalqları azadlıq barədə düşünür, azadlıq və imkanlara can atır, ona görə də regiondakı bütün problemlərdə İsraili günahlandırmağa son qoymağın vaxtıdır." - İsrail hökumətinin başçısı belə deyib.

O, həmçinin Fələstinin HƏMAS qruplaşmasını da pisləyib. Binyamin Netanyahu 2006-cı ildən HƏMAS tərəfindən əsir saxlanılan İsrail əsgəri Gilad Şalit məsələsinə də toxunub. "Təsəvvür edin ki, gənc bir əsgəri 5 il ərzində qaranlıq zindanda saxlayırlar, Qızıl Xaçdan bir dəfə də kiminsə baş çəkməsinə imkan verilməyib." - sitatın sonu. O, bütün dünya ictimaiyyətini Gilad Şalitin azad edilməsi tələbinə qoşulmağa çağırıb və onun saxlanılmasını "azğın cinayət" adlandırıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar