Beynəlxalq Hüquq Bürosu: Dəniz Baykalla bağlı kaset montajdır
20 May 2010 Cümə Axşamı 15:35
İnternetdə yayılan seks kasetindən sonra Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri vəzifəsindən istefa vermiş Dəniz Baykalın hüquqlarını müdafiə edən Beynəlxalq Hüquq Bürosu kasetdəki görüntüləri araşdırıb.
APA-nın “Doğan” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Britaniyada (London) və Türkiyədə ofisi olan Beynəlxalq Hüquq Bürosunun rəhbərlərindən biri Uğur Kurtulan bununla bağlı açıqlama ilə çıxış edib.
U. Kurtulan bildirib ki, kasetdə görüntüləri olan və Dəniz Baykalla onun keçmiş köməkçisi, CHP millət vəkili Nəsrin Baytok olduğu bildirilən kişi və qadın əslində D. Baykal və N. Baytok deyil: “Görüntülərin kriminal analizi başa çatıb. Bu görüntülər əsasında Baykal və Baytokun əlaqəsinin olduğunu söyləmək əsla mümkün deyil. Görüntüləri qəti şəkildə montaj hesab edirik”.
Hüquqşünas görüntülərin iki hissədən ibarət olduğunu deyib: “Birinci hissədəki kişi arıq, uzun boylu, ikinci hissədəki kişi isə qısa boyludur. Mütəxəssislər ayaq, baldır və çiyin əzələlərini və tükləri araşdırıb. Görüntülərdəki iki kişinin eyni adam olmadığı müəyyənləşdirilib. Kasetdəki qadın da Nəsrin Baytok deyil”.
Xatırladaq ki, məlum kaset internetdə yayıldıqdan sonra D. Baykal mayın 10-da media qarşısında bəyanatla çıxış edərək CHP sədrliyindən istefa verib. APA
DOSTLARINLA PAYLAŞ: