Bəşər Əsəd öz ölkəsini sonadək müdafiə edəcəklərini deyib
06 Yanvar 2013 Bazar 14:36
Suriya prezidenti Dəməşqdəki Opera Evində xalqa müraciətlə çıxış edib.
Suriya prezidenti Bəşər Əsəd xalqa müraciətlə çıxış edib. Paytaxt Dəməşqdə Opera Evində baş tutan çıxışda Bəşər Əsəd Suriyada və regionda baş verən ən son hadisələrə toxunub.

"Bu gün Suriyaya hüzn və kədər yayılıb, hüzn və kədərdən isə yeni ümid doğulur. Sözsüz ki, Suriyada baş verənlər regiona da yayılıb. Regionda Suriyanı zəiflətməyə çalışan qüvvələr var. Suriyada "Əl-Qaidə"nin ideologiyasını davam etdirən terrorçular da var. Xarici qüvvələrin müdaxiləsinə gəldikdə, təbii ki, bütün Qərbi ittiham etmək istəməzdik. Rusiya və Çin kimi ölkələr var ki, Suriyanın daxili işlərinə müdaxilə etməkdən imtina edirlər. Buna görə onlara minnətdaram", - Bəşər Əsəd belə deyib.

Suriya prezidenti əvvəlki çıxışlarında olduğu kimi, bir daha Suriyanın müharibə şəraitində olduğunu və bu vəziyyətdə xarici qüvvələrin əlinin olduğunu vurğulayıb. Əsəd öz ölkəsini sonadək müdafiə edəcəklərini deyib.

Qeyd edək ki, bu, 2012-ci ilin iyun ayından bəri Bəşər Əsədin ilk çıxışıdır. Ötən ilin noyabrında isə Rusiyanın "Russia Today" telekanalına müsahibəsində Bəşər Əsəd "Suriyada yaşadığını və Suriyada da öləcəyini" demişdi.

Qeyd edək ki, BMT-nin Suriyada münaqişə ilə bağlı ən son hesabatına görə, 2011-ci ilin martından bəri silahlı qarşıdurmalarda ölənlərin sayı 60 mini ötüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar