Berluskoni yenidən baş nazir olmaq istəyir
09 Dekabr 2012 Bazar 11:35
76 yaşlı siyasətçi: "Mən məyusluqla siyasətə qayıdıram".
İtaliyanın baş naziri Mario Monti hakimiyyətdən getmək niyyətini açıqladıqdan sonra ötən ilin noyabrında beynəlxalq maliyyə bazarlarının təzyiqi altında istefa verən sabiq baş nazir Silvio Berluskoni siyasətə qayıtmaq fikrində olduğunu bildirib. 76 yaşlı Berluskoni Mario Montinin istefa planına münasibət bildirərkən, 4-cü dəfə baş nazir olmaq üçün mübarizəyə qatılacağını açıqlayıb.

"İtaliya parlamentindəki kürsüm üçün heç vaxt darıxmamışam, bir dəqiqə belə. Mən məyusluqla siyasətə qayıdıram və bunu sırf məsuliyyət hissimdən edirəm. Nə işlə məşğul olmağımdan asılı olmayaraq, heç vaxt yarışa yüksək pilə əldə etmək üçün qatılmamışam, həmişə qalib olmaq üçün qatılmışam. Hamı düşünür ki, bizim möhkəm bir liderə ehtiyacımız var idi, amma təəssüf ki, 1994-cü ildə Berluskoni kimi bir lider tapa bilmədik. Ona görə yox ki, belə bir adam axtarmadıq, sadəcə beləsini tapa bilmədik", - Silvio Berluskoni belə deyib.

Qeyd edək ki, mediamaqnat milyarder olan Silvio Berluskoninin istefasına İtaliyanı iqtisadi böhrandan çıxara bilməməsi ilə yanaşı, haqqında açılmış çoxsaylı məhkəmə prosesləri də səbəb olmuşdu. Yetkinlik yaşına çatmamış mərakeşli rəqqasə ilə cinsi münasibətləri sabiq baş nazirin nüfuzunu aşağı salmışdı.

Qeyd edək ki, İtaliyada parlamentə növbəti seçkilərinin gələn ilin aprelində keçiriləcəyi ehtimal edilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar