Berluskoni Mussolinini təriflədi
28 Yanvar 2013 Bazar Ertəsi 07:48
İtaliyanın sabiq baş naziri: "o, çox gözəl siyasət yürüdürdü".
İtaliyada hökumət seçkilərinə az bir vaxt qalmış ölkənin sabiq baş naziri Silvio Berluskoninin ikinci dünya müharibəsi dövründə İtaliyaya liderlik edən Benito Mussolini ilə bağlı fikirləri solçu partiyaların qəzəbinə səbəb olub. Yəhudilərin soyqırımı ilə bağlı keçirilən anım tədbiri zamanı çıxışında Berluskoni yəhudilərin öldürülməsinə hökm verənlərdən biri Mussolinin yaxşı lider olduğu bildirib. Onun sözlərinə görə, Mussolini almanların Nasist partiyası tərəfindən yəhudilərə qarşı qəbul edilən qanun layihəsinə tərəfdar çıxması düzgün addım olmasa da, həmin dövrdə ölkənin gələcək taleyi üçün zəruri olan addımlar atıb.
"Həmin dövrdə əhalinin taleyinə təsir edə biləcək qərarlar verən insanların yerində olmaq asan deyildi. Mussolinin Hitler Almaniyası ilə tərəfdaşlıq altında yəhudilərə qarşı mübarizəsi və onların soyunu qırmaq cəhdləri olmuşdur. İrqçikliliyi önə çıxaran qanunlara dəstək olmaq onun ən böyük qüsuru idi. Lakin, ümumilikdə, o, çox gözəl siyasət yürüdürdü", - deyə Berluskoni bildirib.
Solçu koalisiyanın lideri Antonio İnqroya Berluskonini bu sözlərinə görə İtaliya xalqının qara ləkəsi adlandırıb.
Qeyd edək ki, 1938-ci ildə Mussolini yəhudlərin universitetlərə daxil olmasına və hər hansı bir ixtisasa yiyələnməsinə qadağa qoyan qanun qəbul etmişdi.
DOSTLARINLA PAYLAŞ: