Berluskoni İtaliya parlamentindəki dəstəyini itirdi
08 Noyabr 2011 Çərşənbə Axşamı 22:51
Son səsvermə baş nazirin İtaliya siyasətindəki mövqelərinin zəiflədiyini ortaya qoydu.
İtaliyanın baş naziri Silvio Berluskoninin koalisiyası İtaliya parlamentinin aşağı palatasında mütləq əksəriyyətin dəstəyini itirib. “Frans Press” agentliyinin məlumatına görə, bunu 2010-cu il il büdcəsinin icrasına dair hesabatla bağlı bu gün keçirilən səsvermənin nəticəsi sübut edir. Hesabat 308 deputat tərəfindən bəyənilib. Halbuki, Palatada mütləq çoxluq 316 səs deməkdir. “Associated Press” agentliyinin məlumatına görə, hesabatın əleyhinə səs verən olmasa da, 321 deputat bitərəf qalıb. Səsvermə ərəfəsində “The Guardian” qəzeti yazmışdı ki, müxalifətçi deputatlar səsvermə zamanı tam heyətlə bitərəf qalmaq niyyətində idilər.

Səsvermənin nəticələri elan edildikdən sonra müxalifət Demokrat Partiyasının lideri Pyerluidji Bersani Silvio Berluskonini istefa ərizəsi yazmağa çağırıb. O da bəyan edib ki, hökumət parlamentin aşağı palatasında mütləq çoxluğun dəstəyindən məhrum olub.

Səsvermənin nəticələri göstərir ki, Silvio Berluskoni bir aydan da az müddət ərzində parlamentdəki tərəfdarlarının bir hissəsini itirib. Məsələn, oktyabrın 14-də aşağıpalatada baş nazirə etimad məsələsi səsverməyə çıxarılarkən, Berluskoninin lehinə 316, əleyhinə isə 301 deputat səs vermişdi.

Bundan başqa, o vaxtdan sonra Silvio Beprluskoninin bəzi nüfuzlu tərəfdarları ona dəstək verməkdən nümayişkəranə şəkildə imtina ediblər. Məsələn, daxili işlər naziri Roberto Maroni və teleulduz Qabriella Karluççi kimi. Sonuncu baş nazirin lideri olduğu partiyadan çıxaraq, rəqib düşərgəyə - xristian demokratların sırasına qoşulub.

Büdcə hesabatı bəyənilsə də, mütləq çoxluğun itirilməsi Silvio Berluskoninin İtaliya siyasətindəki mövqelərinə güclü zərbədir. Bu, ilk növbədə ondan xəbər verir ki hökumətə etimadla bağlı növbəti səsvermədə Silvio Berluskoni uduza bilər. Baxmayaraq ki, baş nazir yeni etimad səsverməsinə hazır olduğunu dəfələrlə bəyan edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar