Berluskoni gedir, İtaliya sevinir
11 Noyabr 2011 Cümə 14:51
Müvəqqəti baş nazir olmağa namizəd Mario Monti hesab edilir.
İtaliyanın baş naziri Silvio Berluskoninin gözlənilən istefasından sonra iqtisadçı və sabiq Avropa Birliyi komissarı Mario Montinin hökumətə başçılıq edəcəyi ehtimalı paytaxt Romada nikbin ab-hava yaradıb. Montinin müvəqqəti İtaliya hökumətinə başçılıq edəcəyi ehtimalı birjalarda İtaliyanın da Yunanıstan tipli böhrana məruz qalacağı qorxusunu nisbətən azaldıb. İtaliyada Yunanıstandakı vəziyyətin təkrarlanması bütün Avrozonanın mövcudluğuna təhlükə yarada bilər.
Yunanıstanda iqtisadçı Lukas Papademosun baş nazir təyin edilməsi İtaliyada da belə bir fikir formalaşdırıb ki, Mario Montinin dünya maliyyəsində təcrübəsi və partizan siyasətinə girişməməsi ölkəni maliyyə burulğanından çıxara bilər.
68 yaşlı Mario Monti İtaliya prezidenti Corcio Napolitano tərəfindən "ömürlük senator" təyin edildikdən sonra ölkəni maliyyə bataqlığından çəkib çıxara biləcək ən real namizəd hesab edilir. Elə yeni baş nazirin adını da Corcio Napolitano açıqlayacaq.
DOSTLARINLA PAYLAŞ: