İlk əvvəl özünə qəsd etdiyi ehtimal edilən rusiyalı maqnatın indi də öldürülməsi iddiası araşdırılır.
Ötən gün dünyasını dəyişən rusiyalı maqnat Boris Berezovskinin ölümü indi dünyanın bir sıra aparıcı kütləvi informasiya vasitələrinin əsas xəbərlərindn birinə çevrilib. İlk əvvəl özünə qəsd etdiyi ehtimal edilən Berezovskinin indi də öldürülməsi iddiası araşdırılır. Çünki bundan əvvəl məşhur və qalmaqallı milyarderə qarşı bir neçə dəfə uğursuz sui-qəsd cəhdi olmuşdu.
Nüvə silahı və radiasiya üzrə mütəxəssislər ötən gün dünyasını dəyişən rusiyalı iş adamı Boris Berezovskinin evində təhqiqat aparır. Bu barədə "RİA Novosti" mərhumun evinin yerləşdiyi Temz-valli dairəsinin polisinə istinadən məlumat yayıb. Təhqiqat aparanlar arasında kimyəvi və bioloji təhlükəsizlik mütəxəssislərinin olduğunu deyən polis araşdırmaların iş adamının ölümünün səbəblərini dəqiqləşdirmək üçün həyata keçirildiyini bildirib.
Məhşur iş adamının meyidinin indiyənədək evində saxlanıldığı və onun evinə aparan yolların bağlanıldığı deyilir. Hələlik ölümün rəsmi səbəbinin məlum olmadığını qeyd edən polis ilkin diaqnoza görə Berezovskinin ürək çatışmazlığından vəfat etdiyini bildirib. Anti-Putin mövqeyilə məşhur olan milyarderə qarşı əvvəllər bir neçə uğursuz suiqəsd cəhdi olduğundan, xarici mətbuat təbii ölüm halına şübhə ilə yanaşır. Yaşadığı evinin hamam otağında ölü vəziyyətdə aşkarlanmış Berezovskinin xüsusi xidmət orqanları tərəfindən qətlə yetirildiyi haqqında ehtimallar yaranıb. 67 yaşlı maqnat Rusiyada ayraflot fırıldaqçılığı ilə bağlı axtarışda olub.
O, 2000-ci ildə deputat seçildiyi Dumadan mandatını geri götürərək, “Ölkədə avtoritar rejimin yenidən qurulmasında iştirak etmək istəmədiyini bildirmişdi”. Boriz Yelsinlə dost münasibətdə olan Berezovski məhz Vladimir Putinin hakimiyyətə gəlməsi ilə sahib olduğu aktivlər üçün təhlükə hiss edərək Böyük Britaniyaya köçüb. Berezovski, eyni zamanda, digər rusiyalı maqnat, Çelsi Futbol Klubunun sahibi Roman Abramoviçlə az qala düşmən münasibətdə olub. 2011-ci ildə o, Roman Abramoviçə qarşı məhkəmə iddiasına külli miqdarda pul xərcləyib. Berezovskinin iddiasına əsasən Abramoviç onun Rusiyaya məxsus Sibneftdə sahib olduğu səhmlərini satması üçün hədə-qorxu gəlib və bu səbəbdən, disident milyarder Çelsi klubunun sahibinə qarşı 3.5 milyard avroluq kompensasiya davası açmışdı. Bununla belə İngiltərə məhkəməsi qərarı, məhz Abramoviçin xeyrinə çıxarmışdı.