Belarusdakı seçki bu ölkənin öz işidir
20 Dekabr 2010 Bazar Ertəsi 17:35
Rusiya prezidenti Dmitri Medvedev Minskdəki hadisələrə münasibət bildirib
Belarusdakı seçki- Belarusun daxili işidir, lakin seçkinin Belarus xalqının suveren iradəsini ifadə etməsi Rusiya üçün olduqca mühüm məsələdir. Bunu Rusiya prezidenti Dmitri Medvedev Kremldə latviyalı həmkarı Valdis Zatlerslə keçirdiyi birgə mətbuat konfransında bildirib.
“Ümid edirəm ki, Belarus bu seçkinin nəticəsində demokratiya və qonşuları ilə dostluğa əsaslanmış müasir dövlətin yaradılması yolunda inkişafını davam etdirəcək”, - deyə Medvedev çıxışında bəyan edib.
Xatırladaq ki, Rusiya prezidenti Dmitiri Medvedev sentyabrın 28-də də Belarusda keçiriləcək seçkiyə münasibət bildirmişdi. Həmin vaxt o, demişdi ki, seçki Belarusun daxili işidir, lakin “Seçkidən nə gözləyirsiniz?” sualına isə Rusiya prezidenti zarafatla “Yaxşı heç nə gözləmirəm. Əlbəttə ki, bu, zarafatdır”,- deyə cavab vermişdi. Məzh bundan sonra iki ölkə liderləri arasında tənqidi bəyanatlar başlayıb.
Qeyd edək ki, Belarusda keçirilən prezident seçkisində seçicilərin iştirak səviyyəsi 90,66% təşkil edib. İlkin nəticələrə görə, seçkidə 79,67% səslə hazırkı prezident Aleksandr Lukaşenko qələbə qazanıb.
DOSTLARINLA PAYLAŞ: