Belarusda təhlükəsizlik tədbirləri gücləndirilib
03 İyul 2011 Bazar 17:41
Bütün ölkədə Müstəqillik günü qeyd edilir.
Bu gün Belarus dövlət bayramı- Müstəqillik gününü qeyd edir. 15 ildir keçirilən bayram 1944-cü ildə sovet qoşunlarının ölkəni faşistlərdən tamamilə təmizləməsini qeyd edir. Paytaxt Minskdə bu gün parad keçirilir. Belarus prezidenti Aleksandr Lukaşenko parada hərbi geyimdə gəlib.
Paradda çıxış edən Aleksandr Lukaşenko bəyan edib ki, ölkədə ictimai asayişi pozmaq istəyən qüvvələr var.
"Hər vəchlə bizə "rəngli inqilabları" calamağa çalışırlar. Bu məqsədyönlü planlar başqa ölkələrin paytaxtlarında qurulur. Başa düşürük ki, bu hücumların məqsədi ölkədə həmrəyliyi pozmaq, bizə diz çökdürmək və müstəqilliyimizlə əldə etdiklərimizi heçə endirməkdir. Bu heç vaxt olmayacaq",- deyə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
Qeyd edək ki, Minskdə parad çoxsaylı asayiş keşikçilərinin nəzarəti altında və gücləndirilmiş təhlükəsizlik tədbirləri ilə keçirilir. Asayişin qorunmasına bütün Minsk polisi, daxili qoşunlar və xüsusi təyinatlı dəstələr cəlb olunub. Kütləvi şənlik yerlərinə yalnız xüsusi nəzarət-buraxılış məntəqələrindən daxil olmaq mümkündür. anspress
DOSTLARINLA PAYLAŞ: