Belarusda prezidentliyə 7 namizəd tutulub
20 Dekabr 2010 Bazar Ertəsi 14:45
Yerli hakimiyyət isə bu barədə rəsmi açıqlama yaymayıb
Ötən gün Belarusda keçirilən prezident seçkisinin nəticələrinin açıqlanmasından sonra müxalifətdən olan 9 namizəddən 7-si milis tərəfindən saxlanılıb. ANS PRESS-in CNN-ə istinadən verdiyi xəbərə görə, bu barədə namizədlərə yaxın mənbə məlumat yayıb.

Məlumata görə, bunlar Andrey Sannikov, Vladimir Nekliayev, Nikolay Statkeviç, Riqor Kastussev, Vitali Rimaçevski, Ales Mikaleviç ve Dimitri Usdur.

Yerli milis isə onların saxlanılması ilə bağlı hələ ki, heç bir açıqlama verməyib.

Saxlanılanlar arasında olmayan namizəd Yaroslav Romançuk isə “Exo Moskvı” radiostansiyasına müsahibəsində beynəlxalq ictimaiyyəti ölkə rəhbərliyinə təzyiq etməyə və Belarusdakı vəziyyəti diqqətdə saxlamağa çağırıb.

Qeyd edək ki, müxalifət bazar günü Belarusda keçirilən prezident seçkisinin nəticələrinə etiraz əlaməti olaraq küçələrə çıxıb. Müxalifətçilərlə milis əməkdaşları arasında toqquşma baş verib.

Belarusda keçirilən prezident seçkisində seçicilərin iştirak səviyyəsi 90,66% təşkil edib. İlkin nəticələrə görə, seçkidə 79,67% səslə hazırkı prezident Aleksandr Lukaşenko qələbə qazanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar