Belarus Venesuela və Azərbaycanla birgə müəssisə yaratmaq istəyir
27 Noyabr 2010 Şənbə 01:55
Bunu Belarus prezidenti Aleksandr Lukaşenko “Minsk” azad ticarət zonasına səfəri zaman bəyan edib
Belarus Venesuela və Azərbaycanla birgə şirkət yaratmaqla bağlı müzakirələr aparır. Bunu Belarus prezidenti Aleksandr Lukaşenko ötən gün “Minsk” azad ticarət zonasına səfəri zaman bəyan edib. “Yaxın vaxtlarda biz neft və digər yüklərin boşaldılıb yüklənməsi ilə məşğul olacaq Belarus-Venesuela-Azərbaycan şirkətini yaradacağıq” - deyə Aleksandr Lukaşenko bildirib.
Xatırladaq ki, bir neçə gün əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko ARDNŞ prezidenti Rövnəq Abdullayevi qəbul edib. Görüşdə A.Lukaşenko Azərbaycanla enerjidaşıyıcıları sahəsində əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirib: “Biz bu sahədə Azərbaycanla istənilən əməkdaşlıq variantlarını nəzərdən keçiririk. Mən Azərbaycan neftinin svop-sxem üzrə (Venesuela neftinin qarşılığında) Belarusa çatdırılmasını nəzərdə tuturam”.
DOSTLARINLA PAYLAŞ: