Belarus Krımı Rusiyanın tərkib hissəsi kimi tanıdı
23 Mart 2014 Bazar 18:42
Aleksand Lukaşenko: Krım müstəqil dövlət deyil. Bunu tanımaq və ya tanımamaq olar. Bununla heç bir şey dəyişməyəcək.
Rusiya prezidenti Vladimir Putin Krımda Rusiya idarəetmə orqanlarının yaradılması barədə göstəriş verib. Tapşırığa görə, bu işlər martın 29-na qədər tamamlanmalıdır. Bu gün Rusiyaya müttəfiqi Belarusdan dəstək gəlib. Aleksand Lukaşenko Krımı defakto tanıyıb. Amma bəzi şərtlərlə.
“Krım müstəqil dövlət deyil. O, Rusiya Federasiyanın tərkib hissəsidir. Bunu tanımaq və ya tanımamaq olar. Bununla heç bir şey dəyişməyəcək”. Bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko deyib. O, Krımın de-fakto Rusiya ərazisi olduğunu bildirib və Belarusun Moskvanın tərəfində olduğunu ifadə edib.
Bu arada Rusiya informasiya agentlikləri Krımda yerləşən 189 hərbi baza üzərində artıq Rusiya bayraqlarının dalğalandığını məlumat verir. “Royters” agentliyinin NATO-nun yüksək rütbəli zabitlərindən birinə istinadən verdiyi məlumata görə isə, Rusiya Ukraynanın şərq sərhədlərində çox sayda hərbi qüvvə toplayıb. NATO rəsmisinin sözlərinə görə, bu Dnestryanı üçün də təhlükə törədə bilər. Rusiya Müdafiə Nazirliyi isə ölkənin sərhəd bölgəsində beynəlxalq qanunverciliyə zidd olmayan sayda qüvvə saxladığını açıqlayıb.
DOSTLARINLA PAYLAŞ: