Belarus iş adamları Bakıya gəlib
11 Mart 2011 Cümə 16:36
İki ölkənin biznesmenləri arasında iqtisadi əməkdaşlıq perspektivləri müzakirə olunub
Bu gün İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Belarus Respublikasının Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan və Belarus iş adamları arasında işgüzar görüş keçirilib. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tədbirdə Azərbaycan və Belarus tərəfdən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı və qida sənayesi sahəsində fəaliyyət göstərən 30-a yaxın iş adamı iştirak edib. Tədbirdə AZPROMO-nun prezidenti Adil Məmmədov Azərbaycanın iqtisadi imkanlarına dair təqdimatla çıxış edərək, ölkəmizin biznes və investisiya mühiti barədə tədbir iştirakçılarını məlumatlandırıb. Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç çıxışında iki ölkə arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi, eləcə də iş adamları arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti barədə məlumat verib.

Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktorunun müavini Rövşən Nəcəf şirkətin fəaliyyəti və qeyri-neft sektorunda həyata keçirdiyi layihələr, Belarus Ticarət və Sənaye Palatasının baş direktorunun müavini Vera Siraçova isə iş adamları arasında əməkdaşlığın genişlənməsində işgüzar görüşlərin əhəmiyyəti barədə çıxış ediblər. Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam edib. Görüşdə iş adamları arasında iqtisadi əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə olunub.

Azərbaycana səfər çərçivəsində Belaruslu qonaqlar Sumqayıt Texnologiyalar Parkında olublar. Burada qonaqlara Sumqayıt Texnoparkının fəaliyyəti, elektroenergetika sənayesi üçün məhsullar hazırlayan zavodlar, sexlər və istehsal xətləri barədə məlumat verilib. Bildirilib ki, hazırda texnoparkda 9 zavod
fəaliyyət göstərir. Yaxın vaxtlarda daha 1 zavodun - Dəqiq emal mərkəzləri zavodunun istifadəyə verilməsi nəzərdə tutulur. 8 zavodun inşası isə davam edir. Hazırda müəssisədə 1000-ə qədər işçi çalışır. Bütün zavodlar fəaliyyətə başladıqdan sonra isə iş yerlərinin sayı 3000-ə çatdırılacaq. Texnoparkda ən müasir texnologiyalar əsasında ixrac yönümlü və maşınqayırma məhsulları istehsal olunur. 30 zavod və sexdən ibarət olacaq bu parkda müxtəlif çeşidli məhsulların - kabellər, transformatorlar, yüksək gərginlikli avadanlıqlar, hidroturbinlər, su nasosları, elektrik mühərrikləri, borular və s. istehsalı genişləndiriləcək. Belaruslu iş adamları Azərbaycanda gedən dinamik sosial-iqtisadi inkişafdan, müasir standartlara cavab verən müəssisələrdə yeni texnika, avadanlıq və texnologiyaların tətbiqindən məmnunluqlarını ifadə ediblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar