Belarus da separatçılığa dəstək verməyə hazırlaşır
16 Sentyabr 2009 Çərşənbə 02:20
Aleksandr Lukaşenko: “İnsanlıq düşüncələrindən çıxış etsək, onda biz Rusiyanı çoxdan dəstəkləməliydik”
Belarus parlamenti Cənubi Osetiya və Abxaziya separatçı rejimlərinin müstəqilliyinin tanınması məsələsini müzakirə edəcək. Bunu ölkə prezidenti Aleksandr Lukaşenko bəyan edib. Onun sözlərinə görə, Cənubi Osetiya və Abxaziya ilə bağlı öz mövqeyi xalqın mövqeyi ilə üst-üstə düşür: “Nə vaxt parlament xalqın rəyindən çıxış edərək mövqeyini ifadə etsə, biz qərar qəbul edəcəyik”.
Bununla belə, Belarus prezidenti qeyd edib ki, bu məsələdə Rusiya tərəfindən hər hansı təzyiqdən söhbət gedə bilməz: “Bu böyük ölkə bizimlə qardaş olsa da, heç bir tələb və təzyiqi qəbul etməyəcəyik. Mənə təzyiq etməyin perspektivi yoxdur. Məndən heç kim Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımağı tələb etmir”.
Amma Aleksandr Lukaşenko öz mövqeyini də gizlətməyib: “Əgər insanlıq düşüncələrindən çıxış etsək, onda biz Rusiyanı çoxdan dəstəkləməliydik”.
Qeyd edək ki, analoji addımı ötən gün Venesuela atıb. Amma Uqo Çaves bu qərarı elə-belə qəbul etməyib və bir siyasi qərar Venesuelaya 3,3 milyard dollar qazandırıb. Belə ki, rəsmi Moskva Veensuelaya Rusiya silahlarının alınması üçün 2,2 milyard dollarlıq kredit ayırmağa razılaşıb. Bundan başqa, Rusiyanın beş neft şirkəti Venesuelanın yeraltı sərvətlərinə yol tapmaq üçün 1 milyard dollar vəsait sərf etməklə bağlı razılığa gəlib. Ekspertlər hesab edirlər ki, Kremlin Venesuelaya əslində hədiyyə etdiyi 3,2 milyard dollar Karakasın separatçılığa dəstək verən qərarının qarşılığıdır.
Bu günədək Cənubi Osetiya və Abxaziya separatçı rejimlərinin müstəqilliyini Rusiya, Nikaraqua və Venesuela tanıyıb.
DOSTLARINLA PAYLAŞ: