BBC: Ermənistanın kəndlərində yalnız qadınlar qalıb
12 Avqust 2011 Cümə 03:38
“Qızların ərə getmək şansı olmayan nəsli yetişir”
BBC teleradio korporasiyasının internet saytında Demien Makginnesin “Ermənistan miqrasiyası - kəndlərdə yalnız qadınlar qalıb” adlı məqaləsi yerləşdirilib. Məqalədə deyilir ki, keçmiş Sovet İttifaqının kənd rayonlarında yoxsulluq və işçizlik insanları doğma yerləri tərk etməyə məcbur edir. Ermənistanda isə əksər hallarda kişilər evlərini tərk edir, bütöv kəndlər qadınların öhdəsinə qalır.

“Ermənistanın Dzorqyux qəsbəsindəki sahələrdə yalnız qadın və uşaqların işlədiyini görmək olar. Bunun səbəbi odur ki, kişilərin ailələrini saxlamaq üçün yeganə pul qazanmaq yolu Rusiyaya getməkdir. Kəndlə qalanlardan biri - cəmi 20 yaşı olan Milena Kazaryan iki uşaq anasıdır. O, mənə danışdı ki, atası, babası və qardaşları kimi əri də Moskvada işləyir. Onun ailəsində bütün kişilər gediblər. Milena Kazaryan hər zaman gülür. Lakin deyir ki, onu və rəfiqələrini ərlərinin Rusiyada ailə qura bilməsi narahat edir. Onun sözlərinə görə, belə hadisələr tez-tez baş verir. Milena Kazaryan və əri beş il əvvəl ailə qurublar. O vaxtdan əri ilin böyük hissəsini Rusiyada keçirir. Bir çox erməni kişilər kimi o da Yeni ilə gəlir və martda yenidən gedir. Beləcə, ailənin bir araya gəlməsi çətindir”, - yazıda deyilir.

Ermənistandakı miqrasiya təşkilatının rəhbəri İlona Ter-Minasyan bildirib ki, kişilər ölkəni tərk etdiyindən, kəndlərdəki qadınlar kişilərin əvəzinə ağır işlərlə məşğul olurlar. Lakin daha böyük problemlər də var. Belə ki, Ermənistandakı QİÇS xəstələrinin əksəriyyəti Rusiyada yaşayan kişilərdir. Onlar evlərinə qayıtdıqda xəstəliyi öz həyat yoldaşlarına ötürürlər.

Rəsmi məlumatlara görə, Ermənistanda işsizlik 7 faizə yaxındır. Lakin hüquq müdafiəçilərinin fikrincə, bu, reallıqdan çox uzaqdır. İşsizlik müavinətləri çox aşağı olduğundan əksər işsizlər qeydiyyatdan keçmirlər. Beləliklə, real rəqəmin 30 faizə yaxın olduğu bildirilir. Hüquq müdafiəçiləri və müxalifət partiyalarının hesablamalarına görə, hər il 100 minə yaxın şəxs ölkəni tərk edir.

Hüquq müdafiəçisi Karine Danielyanın sözlərinə görə, kişi çatışmazlığı cəmiyyətdə bütövlükdə cəmiyyətdə hiss oldunur. “Bu, həqiqətən ciddi problemdir. Qızların ərə getmək şansı olmayan nəsli yetişir. Çünki bütün oğlanlar ölkəni tərk edir. Bu gün Ermənistanda doğum səviyyəsi əhalinin sabitliyini qorumaq üçün çox aşağıdır”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar