Baş nazir ayaqqabı siləcək?
16 Oktyabr 2009 Cümə 21:25
Baş nazir ayaqqabı siləcək? Bu, ölkənin futbol yığmasının çıxışından asılıdır.
Sloveniyanın baş naziri Borut Paxor milli komandanın 2010-cu il dünya çempionatının final mərhələsinə çıxacağı təqdirdə, futbolçuları özünəməxsus şəkildə mükafatlandıracaq. Belə ki, ölkənin rəhbər şəxslərindən biri vəsiqə qazandıqları pley-off oyunlarında uğurlu çıxış müqabilində futbolçuların hər birinin butsunu şəxsən parıldayana kimi təmizləyəcəyinə söz verib.

“İnanıram ki, futbolçular dünya çempionatına yüksəlmək şansından istifadə edəcək. Buna bonus olaraq, onların hər birinin ayaqqabısını şəxsən özümün təmizləyəcəyini vəd etmişəm. Nə olub ki? Belə nailiyyət naminə bu addımı atmaq mənə utandırıcı deyil. Axı, ölkəmizin taleyi həqiqətən də futbolçularımızdan asılıdır”, - deyə Paxor söyləyib.

Sloveniya 2010-cu il dünya çempionatının seçmə mərhələsinin 3-cü qrupunda 2-ci yeri tutaraq, pley-offa vəsiqə qazanmaqla ölkədə böyük əks-sədanın yaranmasına səbəb olub. Hətta futboldan uzaq adamlar da artıq milli komanda haqda xəbərləri izləməyə başlayıb. Belə yüksək göstəriciyə imza atan baş məşqçi Matyaj Kekə isə dövlət mükafatının təqdim olunacağı gözlənilir. Sloveniya yığmasının indiyədək ən böyük uğuru 2000-ci ildə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanması olub.

Qeyd edək ki, Sloveniyanın pley-offdakı rəqibi oktyabrın 19-da keçiriləcək püşkatma zamanı bilinəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar