ABŞ prezidenti Barak Obamanın Türkiyəyə səfəri artıq başlayıb. Ağ ev rəhbərinin təyyarəsi aprelin 5-də yerli vaxtla saat 21:20-də Ankaranın Esenboğa hava limanına enib. Obama hava limanında dövlət naziri Məhmət Şimşək, Türkiyənin Vaşinqtondakı səfiri NAbi Şensoy, ABŞ-ın Ankaradakı səfiri Ceyms Cefri, Ankara valisi Kamal Önal, Ankara qarnizon komandanı Mehmet Emin Alpman, Ankara Böyükşəhər bələdiyyə başçısı Melih Gökçek və başqaları tərəfindən qarşılanıb. Obama onu gözləyən limuzinə minərək, «Sheraton» otelə gedib.
ABŞ prezidentinin bu gün Atatürkün qəbrini -Anıtkabiri ziyarət etməsi, Çankaya köşkündə prezident Abdulla Gül tərəfindən rəsmi qarşılanma mərasimində iştirak etməsi nəzərdə tutulub. Görüşdən sonra prezidentlərin birgə mətbuat konfransı keçiriləcək. Bundan sonra Obama Türkiyə Böyük Millət Məclisində çıxış edəcək və orada siyasi 3 partiya lideri ilə ayrı-ayrı görüşəcək. /ANS PRESS/