Barak Obama misirliləri zorakılıqdan çəkinməyə çağırdı
28 Yanvar 2011 Cümə 01:40
“Zorakılıq Misirdəki problemlərin həlli yolu deyil”.
“Misir hökuməti və orada keçirilən etiraz nümayişlərinin ihtirakçıları zorakılıqdan çəkinməlidirlər”. Bunu ABŞ prezidenti Barak Obama YouTube internet-portalının yardımı ilə vətəndaşlarla keçirilən birbaşa interaktiv dialoq zamanı verilən suallara cavabında deyib. Onun sözlərinə görə, “Misir Yaxın Şərqdəki çətin problemlərin həllində ABŞ-ın vacib müttəfiqidir”. Barak Obama bildirib ki, Misir prezidenti Hüsnü Mübarəkə dəfələrlə “ölkədə siyasi və iqtisadi islahatların keçirilməsinin lazım olduğunu” deyib: “Biz hamımız görürük ki, orada insanların ümidsizliyi küçələrə tökülüb. Amma zorakılıq Misirdəki problemlərin həlli yolu deyil”.
“Düşünürəm ki, insanların öz qanuni hüquqlarını reallaşdırmaq imkanı əldə etməsi çox vacibdir”, - deyən Barak Obamanın fikrincə, söz azadlığı kimi universal hüquq və azadlıqlar mövcuddur: “Bu hüquqlardan yararlanma üçün müvafiq vasitələr olmalıdır”. Barak Obama bu “müvafiq vasitələr”ə insanlara bir-biri ilə əlaqə qurmaq və mühüm problemləri müzakirə etmək imkanı yaradan sosial internet şəbəkələrini misal çəkib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: