Barak Obama İraqa səfər edib
08 Aprel 2009 Çərşənbə 10:20
Amerika prezidenti İraqda qulluq edən Amerika hərbçilərinə baş çəkib

 

Amerika prezidenti Barak Obama Türkiyənin ardınca gözlənilmədən İraqa səfər edib. Ağ ev rəhbəri İraqda Bağdad yaxınlığındakı hərbi bazada Amerika hərbçiləri ilə görüşüb. Prezident seçildikdən sonra İraqa ilk səfəri zamanı Barak Obama Amerika hərbçilərinin vəzifələrinin öhdəsindən uğurla gəldiklərini və İraqa öz demokratik dövlətini qurmaq üçün imkan yaratdıqlarını bildirib:

«Mən sizə təşəkkürümü bildirmək istəyirəm. Çünki bizim tərəfdən tənqidi yanaşmaya baxmayaraq, əmin etdiniz ki, İraq stabil, xoşməramlı qonşu, müttəfiqdir və öz insanlarımızın evə qayıtmasına başlaya bilərik. İndi uğura nail olmaq üçün fikrimizi daha çox cəmləməliyik».

Barak Obama həmçinin iraqlılara da müraciət edib. Artıq ölkənin taleyini iraqlılara tapşırmağın vaxtının çatdığını deyən Amerika lideri, bununla belə ölkəsinin hərbi hissələrinin ölkədən çıxmağa başladığı üçün qarşıdakı 18 ayın İraqa çətin ola biləcəyini deyib:

«Düşünürəm ki, bunu artıq hamınız bilirsiniz: iraqlılarla dəyişilmək zamanıdır. Onlar artıq öz ölkələrinin məsuliyyətini üzərlərinə götürməlidirlər».
Qeyd edək ki, Amerika Birləşmiş Ştatları İraq əməliyyatından bu yana 4265 əsgərini itirib. Barak Obama qoşunlarının 2010-cu ilə kimi İraqdan çıxarılmasına qərar versə də, bu ölkədə hələ də 50 minə yaxın Amerika əsgəri xidmət çəkir. İraqa səfəri çərçivəsində Barak Obama həmçinin ölkənin baş naziri Nuri Əl-Maliki ilə görüşüb. İraqın hökumət başçısı Amerika prezidentini əmin edib ki, təhlükəsizlik sahəsində əldə olunmuş nailiyyətlər davam etdiriləcək.

Xatırladaq ki, Obamanın İraqa səfəri zamanı təhlükəsizlik tədbirləri gücləndirilib və bu səbəbdən də səfər son dəqiqəyə kimi gizli saxlanılıb. Ağ ev rəhbərinin İraqdan sonra Əfqanıstana da səfər edəcəyi gözlənilir. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar