Səudiyə Ərəbistanı və Misirə səfərindən sonra Almaniyaya gələn Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama Drezden şəhərində kansler Angela Merkellə görüşüb. Danışıqlardan sonra keçirilən mətbuat konfransında hər iki lider qlobal iqtisadi böhran, Yaxın Şərq və İranın nüvə proqramı ətrafanda müzakirələr apardıqlarını bildiriblər.
Ağ ev rəhbəri avropalı müttəfiqlərindən Əfqanıstan müharibəsində daha çox hərbi dəstək qazanmaq və Quantanamo düşərgəsindəki məhbusların Avropaya göndərilməsinə dair razılıq əldə etməyə çalışır. Qeyd edək ki, Obama Drezdendə İraq və Əfqanıstanda yaralanan əsgərlərin müalicə olunduğu hospitala və 2-ci dünya müharibəsi zamanı 56 min insanın məhv edildiyi Buhenvald əsir düşərgəsinə baş çəkib.
Sabah Barak Obama İkinci dünya müharibəsi zamanı Normandiyada ikinci cəbhənin açılmasının 65-ci il dönümünü qeyd etmək üçün Fransaya gedəcək. Parisdə Obama Nikolya Sarkozi ilə görüşəcək. /ANS TV/