Bakiyev: “Qardaş qanı axıtmayın”
15 İyun 2010 Çərşənbə Axşamı 11:40
Sabiq prezident Bakiyev Belarusda mətbuat konfransı keçirib.
“Toqquşmaların baş verdiyi Qırğızıstanda sabitliyi bərpa etmək üçün yeganə yol respublikaya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) qüvvələrini yeritməkdir”. Qırğızıstanın keçmiş prezidenti Kurmanbek Bakiyev Belarusun paytaxtı Minskdə keçidiyi mətbuat konfransında bu bəyanatla çıxış edib.
O, son günlər Qırğızıstanda baş verən hadisələrdə özünün və ya ailəsinin əli olması barədə şayiələrə də münasibət bildirib.
“Mən bir daha KTMT ölkələrinin rəhbərlərinə müraciət edirəm və onları Qırğızıstandakı vəziyyətə daha operativ və adekvat şəkildə təsir etməyə və ölkədə sabitliyi bərpa etmək üçün xalqa kömək etməyə çağırıram”, deyən Kurmanbek Bakiyev bildirib.
Onun sözlərinə görə, Qırğızıstanda hazırda hüquq-mühafizə orqanları və güc strukturları tamamilə gücsüzdür, onlar xarici qüvvələrin köməyi olmadan heç nə edə bilmirlər.
“Mən fürsətdən istifadə edib, iki qardaş dövləti - Qırğızıstanı və Özbəkistanı qan axıdılmasının qarşısını almağa çağırıram. Müvəqqəti hökumət bunu etmək iqtidarında deyil. KTMT qüvvələrini yeritmək lazımdır. Mən bunu hələ apreldə Ağ ev tutulanda deyirdim”, - deyə Bakiyev bildirib.
Bakiyev bir daha Qırğızıstana qayıtmayacağını da söyləyib. Sabiq prezident bildirib ki, Qırğızıstanda baş verən toqquşmaların siyasi zəmində baş verməsi barədə yayılan məlumatlar o qədər də həqiqətə uyğun deyil. Bakiyevin sözlərinə görə, kazinolardan birində özbəklə qırğız arasında mübahisə olub və sonradan bu mübahisə qan tökülməsi ilə nəticələnib. Bununla belə, Bakiyev toqquşmaların arxasında onun və ya ailəsinin üzvlərinin dayandığı barədə gəzən şayiələri rədd edib. Kurmanbek Bakiyev onu da qeyd edib ki, o, Belarusa gəldiyi gündən bu yana bir dəfə də olsun bu ölkəni tərk etməyib və bu haqda heç fikirləşmir.
Bu ərəfədə məlum olub ki, Qırğızıstanın sabiq prezidenti Kurmanbek Bakiyevin oğlu Maksim Bakiev Böyük Britaniyaya gələn kimi həbs edilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: