Bakıdakı amerikalılar 11 sentyabrı fərqli şəkildə yad ediblər
12 Sentyabr 2011 Bazar Ertəsi 11:42
Səfirlik və buradakı Amerika icması bu tarixi məcburi köçkünlərə xidmət göstərməklə qetd ediblər
ABŞ-ın Azərbaycandakı Səfirliyi və buradakı Amerika icması 11 sentyabr terror aktlarının qurbanlarını məcburi köçkünlərə xidmət göstərməklə qeyd ediblər. ANS TV-nin məlumatına görə, onlara ABŞ-da Təhsil Almış Azərbaycanlılar Assosiasiyası da qoşulub.
Tədbir çərçivəsində könüllülər Ceyranbatan qəsəbəsindəki peşə liseyində məskunlaşan Laçından olan məcburi köçkünlərlə görüşüblər. Burada onlar köçkünlərin yaşadıqları binaların həyətini, məktəbi və düşərgədəki xeyir-şər zalını təmizləyiblər. Onlara buradakı məcburi köçkün uşaqlar da qoşulublar.
Amerikalı könüllülər həmçinin məktəblilərə kitablar və digər məktəb ləvazimatları da hədiyyə ediblər. Sonda Amerikanın dəniz qüvvələri qrupu məcburi köçkünlər üçün konsert verib. Tədbirdə səfir Metyu Brayza da ailəsi ilə birgə iştirak edib. Səfir 11 sentyabrdan sonra Azərbaycanın Amerikaya dəstəyinə görə təşəkkür edib.
“Mən həmin vaxt Ağ evdə bu region, Mərkəzi Asiya, Cənub-Şərqi Avropa üzrə məsul şəxs idim. Həmin hadisələrin doğurduğu kədəri heç vaxt unutmayacağam. Lakin eyni zamanda səhəri gün işdə Heydər Əliyevin bizə tam dəstək təklif etdiyini eşidəndə keçirdiyim pozitiv hisləri unutmayacağam. Bura həm də hava məkanının bizim təyyarələr üçün tamamilə açılması da daxil idi”, - deyə Amerikanın Azərbaycandakı səfiri Metyu Brayza xatirələrini bölüşüb.
DOSTLARINLA PAYLAŞ: