Azərbaycanlıları gətirmək üçün ilk təyyarə Misirə yola düşüb
30 Yanvar 2011 Bazar 15:50
60 nəfər evakuasiya üçün səfirliyə müraciət edib.
Misirdəki Azərbaycan vətəndaşlarının evakuasiyası üçün nəzərdə tutulmuş təyyarə bu gün saat 13:55 - də Bakıdan Qahirəyə yola düşüb. Azərbaycanın Misirdəki səfirliyinin birinci katibi Hikmət Hacıyevin ANS-ə verdiyi məlumata görə artıq 60 nəfər evakuasiya üçün səfirliyə müraciət edib.
“Hal-hazırda səfirlik tərəfindən 50-ə yaxın Azərbaycan vətəndaşı siyahıya alınıb. Müraciətlərin qəbul olunması hələ də davam etdirilir. Ümumiyyətlə Misirdə qeydiyyatda olan Azərbaycan vətəndaşlarının sayı 70-ə qədərdir. Onların bəziləri müəyyən işlərlə əlaqədar başqa yerlərdədirlər. Amma hazırda səfirliyə müraciət edən və səfirliklə əlaqə saxlayan 60 nəfərdir ki, onların da təxriyyəsi planlaşdırılır. Yəqin ki, bu siyahı dəyişə də bilər. Ola bilsin ki, müraciət edənlərin sayı artsın. Səfirlik öz tərəfindən bir daha Azərbaycanlı vətəndaşlara müraciət edərək onların təxliyyəsini tövsiyyə edir".
O, artıq həlak olmuş səfirliyin əməkdaşının cənazəsinin Azərbaycana çatdırılması istiqamətində Misir hökumətilə, Xarici İşlər Nazirliyi və digər aidiyyatlı orqanlarla iş aparıldığını bildirib. Azərbaycana gələn xüsusi reys vasitəsilə cənazə də Bakıya çatdırılması planlaşdırılır.
Qeyd edək ki, prezident İlham Əliyev Azərbaycan vətəndaşlarını ölkəyə gətirmək üçün Misirə təyyarə göndərilməsi barədə müvafiq göstəriş verib. Misir tərk etmək istəyən Azərbaycan vətəndaşları təyyarələr vasitəsilə ölkəyə gətiriləcək.
Azərbaycan XİN hazırda Misirdə olan həmvətənlərimizdən xahiş edirik ki, təcili surətdə Azərbaycanın Qahirədəki səfirliyində yaradılmış “Qaynar xətt”ə aşağıdakı telefonlarla zəng etsinlər: 00201 69 14 2848 i 00201 08 15 8628.
Xatırladaq ki, Misirdə iqtisadi və siyasi islahatların keçirilməsi, eləcə də 30 ildir ölkəyə rəhbərlik edən 82 yaşlı prezident Hüsnü Mübarəkin istefası tələbi ilə kütləvi etiraz aksiyaları yanvarın 25-də başlayıb. Sonradan aksiyalar kütləvi iğtişaşlara çevrilib və “Al-Jazeera” telekanalının məlumatına görə, 100-ə yaxın adam həlak olub. Ölənlər arasında Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşı - mühasib Nicat Qocayev də var. O, yanvarın 29-da işdən qayıdarkən güllə yarası alaraq ölüb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: