Azərbaycanlı yazıçı həbsxanadan çıxdı
14 Oktyabr 2011 Cümə 11:04
Eduard Bağırovun cəzası ev dustaqlığı ilə əvəz edilib.
Moldovada həbs edilən azərbaycanlı yazıçı Eduard Bağırov ev həbsinə buraxılıb. ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, bu, Rusiyanın Moldovaya xəbərdarlığından sonra olub. Belə ki, Rusiya vətəndaşı olan bloqqer və yazıçı Eduard Bağırov Rusiya Xarici İşlər Nazirliyinin onun müdafiəsi ilə bağlı verdiyi son bəyanatdan sonra həbsxanadan çıxıb. Ötən gün Kişinyov məhkəməsi onun həbs müddətini uzatmayıb.
"Prokurorluq Bağırovun həbs müddətini daha 30 sutka artırmağı istəyib. Ancaq hakimlər onun müdafiəçilərinin həbsin ev dustaqlığı ilə əvəz etmək barədə iddiasını təmin ediblər", deyə İtar-TASS Baş Prokurorluğun katibinə istinadla məlumat yayıb.
Rusiya XİN yazıçı ilə bağlı yaranan vəziyyəti "ikitərəfli münasibətlərdə lazımsız qıcıqlandırıcılıq" kimi xarakterizə edib.
Qeyd edək ki, sentyabr ayının sonlarında Rusiya XİN Moldovadan Eduard Bağırovu məhkəmə çəkişməsi bitənə kimi ölkəni tərk etməmək barədə iltizam almaqla azadlığa buraxmağı tələb etmişdi.
Xatırladaq ki, Eduard Bağırov iyun ayının 16-da Moldovanın paytaxtı Kişinyov şəhərində 30 sutkalıq saxlanılıb. Moldova Baş prokurorluğu iyunun 27-də rəsmi şəkildə Eduard Bağırovun 2009-cu ildə keçirilən kütləvi iğtişaşlarda iştirak etdiyini bəyan edib.Buna səbəb isə onun şəbəkə gündəliyində dərc edilmiş məqalələr olub. Müəllif orada bir neçə dəfə etirazlarda şəxsən iştirak etdiyini xatırladıb, həmçinin müasir Moldova siyasətçiləri və məmurları barədə o qədər də xoş olmayan xarakteristika verib.
Bağırov yazıb ki, Moldova prokurorluğu "məndən Tkaçukun (ölkə prezidenti vəzifələrini müvəqqəti icra edən Mariana Lupunun əsas siyası rəqibi red.) əleyhinə məlumat almaq istəyir".
Yazıçı, publisist Eduard Bağırov Ümumrusiya Azərbaycan Konqresi və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Bu barədə o özü bloqunda məlumat yerləşdirib. Yazıçı bloqunda yazır ki, İttifaqa daxil olmaqdan imtina edirdi, amma sonradan onu yola gətirə biliblər. Eyni zamanda yazıçı deyir ki, hələlik Rusiya Yazıçılar İttifaqına daxil olmaqdan imtina edir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: