Azərbaycanlı tələbə Türkiyənin baş naziri ilə görüşüb
20 May 2012 Bazar 00:38
Ramin Həkimov Türkiyə parlamentində hakim Ədalət və İnkişaf Partiyasının qrup toplantısına dinləyici qismində qatılıb.
Böyük Britaniyanın York Universitetinin tələbəsi, York Azərbaycan Cəmiyyətinin təsisçisi və sədri, Azərbaycanlı Tələbələr və Məzunların Beynəlxalq Forumunun (ASAİF) idarə heyətinin üzvü və bu ölkə üzrə əlaqələndirici Ramin Həkimov Birləşmiş Krallıqda təhsil alan türkiyəli gənclər tərəfindən təsis olunan Tələbələrin Şəbəkəsinin (Network of Students) və Türkiyədə fəaliyyət göstərən Türkiyə Tələbələr Şurasının təşkilatçılığı ilə İstanbulda və Ankarada keçirilən tədbirlərdə iştirak edib. ASAIF-dən AzərTAc-a bildiriblər ki, tədbirin əsas məqsədi Böyük Britaniyada təhsil alan fəal gənclərin türkiyəli rəsmilərlə görüşlərinin təşkili, onların Türkiyə universitetləri ilə tanış olmaları, əlaqələrin yaradılması, şəbəkənin inkişaf etdirilməsi və beynəlxalq səviyyədə lobbiçilik fəaliyyətlərinin gücləndirilməsi olub.

Tələbələrin Türkiyənin dövlət və hökumət rəsmiləri, parlamentin deputatları, yerli gənclər təşkilatları, universitetlərdəki görüşlərində həmyerlimiz R.Həkimov da fəal iştirak edib, ASAIF-in fəaliyyəti ilə bağlı məlumat verib.

Bu tədbirlərdə Azərbaycanı və ASAIF-i uğurla təmsil edən R.Həkimov sonuncu gün Türkiyə Böyük Millət Məclisində hakim Ədalət və İnkişaf Partiyasının qrup toplantısına dinləyici qismində qatılıb. Toplantında çıxış edən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan sonra tələbələrlə görüşüb. Həmyerlimiz baş nazirlə görüşündə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində Böyük Britaniyada təhsil aldığı və ASAIF-in fəaliyyəti barədə məlumat verib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar