Azərbaycanlı “qanuni oğru” “Rövşən Lənkəranski” Ukraynada həbs olunub
04 Dekabr 2009 Cümə 18:00
Kiyevin Qoloseevski rayon məhkəməsi Azərbaycan vətəndaşı, kriminal aləmdə “Rövşən Lənkəranski” ləqəbi ilə məşhur olan qanuni oğru Rövşən Caniyev haqqında 40 sutka həbs qərarı çıxarıb.
APA-nın UNİAN-a istinadən yaydığı məlumata görə, Ukrayna Daxili İşlər Nazirliyi Azərbaycan hüquq-mühafizə orqanlarının Rövşən Canıuevi ekstradisiya etmək barədə vəsatət qaldırmasını gözləyirlər. “Rövşən Lənkəranski” Azərbaycanda bir sıra ağır cinayətlər törətdiyinə - o cümlədən insan həyatına sui-qəsd və qanunsuz silah gəzdirmə - axtarışdadır.
Rövşən Canıyev dünən Ukrayna DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Kiyevdə saxlanıb. Onunla bilrikdə hazırda Kiyevdə yaşayan, paytaxt restoranlarından birinin sahibi olan Rusiya vətəndaşı və onun üç mühafizəçisi də saxlanıb. Onların üzərindən rezin güllələr üçün nəzərdə tutulmuş “Fort-12P” və “PMR-9” tapançaları və “Vulkan” markalı karabin götürülüb. Bundan başqa maşında aparılan axtarış zamanı daha bir “Fort-12P” tapançası aşkarlanıb.
“Rövşən Lənkəranski” ən nüfuzlu qafqazlı “qanuni oğrulardan” sayılır. O, ötən ilin yanvarında Kiyevdə həbs olunub. Şevçenko rayon məhkəməsi Rövşən Canıyev haqqında 40 günlük həbs qərarı çıxarsa da, “qanuni oğru” Ukraynada qaçqın status aldığına görə həbsdən azad edilib. Daha sonra məhkəmə Rövşən Canıyevin qaçqın statusunu ləğv edib. APA
DOSTLARINLA PAYLAŞ: