Azərbaycan “Nabukko”ya qaz verməsə biz nə edə bilərik?
06 İyun 2011 Bazar Ertəsi 15:08
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ANS-ə eksklüziv müsahibə verib
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ANS-ə eksklüziv müsahibə verib. ANS PRESS müsahibənin tam mətnini təqdim edir

Cənab nazir, dünyanın bütün böyük gücləri indi ən aktual yer kimi Yaxın Şərq və Qafqazda Türkiyə ilə dil tapmağa çalışırlar. Bu baxımdan seçki hakimiyyətdə kimlərin təmsil olunması, ölkənin siyasi kursunun müəyyənləşməsində əsas rol oynayır. Nəzərə alsaq ki, sizin, Ədalət və İnkişaf Partiyasının (AKP) hakimiyyətdə olduğu müddətdə Türkiyənin regiondakı çəkisi xüsusilə artıb. Bu seçkinin nəticələrindən gözləntiləriniz nədir?
-İndi AKP olaraq Türkiyədə bu seçkidən güclənərək çıxmağı planlaşdırırıq. Türkiyənin bu seçkidən uğurla çıxması dünyadakı tarazlıq, ən əsas söz sahibləri, dünyanın gələcəyi üçün böyük önəm daşıyır. Təbii ki, dünyadakı tarazlıq üçün bunun çox böyük faydası var. Buna görə, bu seçkini çox önəmli hesab edirik. Bu seçkidən daha güclənərək çıxacağımıza inanıram.

Türkiyə qonşularla "sıfır problem" siyasəti aparır. Bu siyasətin gerçəkləşməsinə nə dərəcədə nail olmusunuz və sizcə, Ermənistanla "sıfır problem" ağlabatandırmı?
-Əlbəttə, indi qonşularımızla olan "sıfır problem" böyük həcmdə tamamdır. Amma təəssüf ki, Ermənistanla bunu bacarmamışıq. Çünki, Ermənistanla "sıfır problem"in olməsı bir az Azərbaycanla Ermənistan arasındakı münasibətlərin düzəlməsinə bağlıdır. Əgər Azərbaycanla Ermənistan arasındakı münasibətlər düzəlməsə, Qarabağ problemi həll olunmasa bizim münasibətlərin də düzəlməsi mümkün deyil.

Türkiyənin Yaxın Şərqdə olduğu kimi, Qafqazda da rolu mühümdür. Dovildə həmsədr ölkələrin rəhbərləri təkidlə münaqişənin həllinin tezləşdirilməsini israr etdilər. Sizcə, bu regiondakı hansı geosiyasi vəziyyətdən irəli gəlir?
-İndi bu məsələdə əsas qərar verəcək iki ölkə var. Azərbaycan və Ermənistan. Minsk qrupu bu vaxta qədər problemi həll edə bilmədi. Bu məsələ ilə əlaqədar yalnız Ermənistan və Azərbaycan müsbət qərar verərlərsə, problem həll olunar. Əks təqdirdə, düşünmürəm ki, bu problem həll olunacaq. Çünki, yaxın 20 ildə Minsk qrupunun nə etdiyi ortadadır. Bir nəticə varmı? Yox. Maraqlıdır, 20 ildir bu problemi həll edə bilməyənlər bundan sonra bunu necə həll edəcəklər? Neçə dəfə Rusiyada bir araya gəldilər. Bir nəticə oldumu? Biz də Avropada müəyyən görüşlər keçirdik, yenə bir nəticə alınmadı. Problemin həll olunması istiqamətində Ermənistanın qərar verməsi lazımdır. Diasporanın təsiri altında problemin həll olunmasına gəlincə, erməni diasporası bu məsələnin həll olunmasına imkan verməz.

Sizcə, Dağlıq Qarabağ münaqişəsi necə həll olunmalıdır? ATƏT-in Minsk qrupunun üzvü olan Türkiyənin problemə yeni baxışı olmalıdır ki, regionda uzunmüddətli sülh olsun?
-Bir ara, Dağlıq Qarabağ problemində orta məxrəcə gəlmişdilər. İki rayon qalmışdı. Problemin həlli çox yaxşı bir nöqtədə idi. Bu işə razı olsaydılar, problem həll olunacaqdı. Mən o zaman İlham bəylə də bu məsələni müzakirə edəndə, o, bu məsələdə işlərin artıq müsbət istiqamətdə cərəyan etdiyini deyirdi. Fəqət, sonradan, baxdıq ki, bir anda, 2 rayon məsələsində Ermənistan təkrar narazılıq etdi. Təbii ki, bununla da, problem ortada qaldı. Dolayısı ilə, burada Ermənistanın fikri önəmlidir. Əgər Ermənistan Qadabağ məsələsilə bağlı fikrini dəqiq ortalığa qoymasa, Türkiyədən qapıların açılmasını heç vaxt gözləməsin. Bu iş həll olunmalıdır. Problem həll olunmasa, biz heç zaman qapıları aça bilmərik.

Yaxınlarda, “Nabukko” laiyhəsilə bağlı Türkiyədə tədbir olacaq. Bu zaman Azərbaycanın da layihədə iştirakı məsələsi müzakirə ediləcək. Azərbaycanın “Nabukko” ilə bağlı mövqeyi sizi qane edirmi?
-Biz bu məsələdə tranzit rolunu yerinə yetirən bir ölkəyik. Burada istehsalçı ölkə Azərbaycandır. Azərbaycan “Nabukko”ya üzv olub, təbii qaz verməsə biz nə edə bilərik? Biz qaz kəmərinin reallaşması üçün ərazimizi verəcəyik. Buna da hazır olduğumuzu bildirmişik. Amma “Nabukko” Azərbaycandan təbii qaz ala biləcəkmi, ala bilməyəcəkmi, bu dəqiqləşməyib. Təbii ki, qərar Azərbaycanındır, bizə aid deyil. Amma mən Avropa Komissiyasının sədri Joze Manuel Barrozu ilə ötən görüşlərimdə, o, qardaşım İlham Əliyevlə görüşdən müsbət nəticə əldə etdiyini söylədi.

-Azərbaycan “Evrovision”də qələbə qazananda, səhnəyə Azərbaycan bayrağı ilə yanaşı, Türkiyə bayrağı da gətirildi. Türkiyə kütləvi informasiya vasitələri Bursadakı hadisələri xatırladaraq, “Azərbaycanlılar Türkiyəni həm sevindirdi, həm də utandırdı” adlı məqalə yazdılar. Siz bunu izlədinizmi və hansı hisləri keçirdiniz?
-Mən daha sonra baxdım. Təbii ki, Nigar xanım bizim gəlinimizdir. Bu bizim üçün ayrı bir duyğudur. Amma əlinə Türkiyə bayrağı alması, mərhum Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarını bir daha canlandırdı. Bu vəziyyət davamlı olaraq inkişaf etməlidir. Aramıza fitnə-fəsad salmaq istəyənlərə heç zaman fürsət verməməliyik. Azərbaycana və bütün azərbaycanlı qardaşlarıma da şəxsən öz adımdan, millətim adından təşəkkür edirəm.

Biz də sizə təşəkkür edirik. Sağ olun ki, bizə vaxt ayırdınız.


DOSTLARINLA PAYLAŞ:

oyunlar