Azərbaycan Ermənistan və Gürcüstanı geridə qoydu
19 Sentyabr 2013 Cümə Axşamı 14:37
İtaliyanın ISPI beyin mərkəzi “On il hərəkətdə: Cənubi Qafqaz 2003-2013-cü illərdə” adlı hesabat yayıb.
İtaliyanın dünyada tanınan məşhur beyin mərkəzi- Beynəlxalq Siyasi Araşdırmalar İnstitutu (Istituto per Gli Studi di Politica Internazionale - ISPI) “10 il hərəkətdə: Cənubi Qafqaz 2003-2013-cü illərdə” adlı hesabat yayıb. ANS PRESS-in məlumatına görə, ISPI-nin analitiki Matteo Verdanın müəlliflik etdiyi “10 il hərəkətdə: Cənubi Qafqaz 2003-2013-cü illərdə” adlı hesabatda hər üç region dövlətində - Azərbaycan, Ermənistan və Gürcüstanda son 10 ildə baş vermiş siyasi proseslər və iqtisadi vəziyyəti təhlil edilir, regiondakı əsas təhlükəsizlik təhdidlərini nəzərdən keçirilir və qarşıdan gələn onillik barədə proqnozlar verilir.
Hesabatda qeyd edilir ki, 2013-cü il hər üç Cənubi Qafqaz ölkəsində seçki ili olduğu üçün xüsusilə əhəmiyyətlidir. Ermənistanda prezident seçkilərinin bu ilin fevral ayında keçirildiyini, Azərbaycan və Gürcüstandakı seçkilərin isə oktyabr ayında baş tutacağını qeyd edən müəllif səsvermənin mümkün nəticələrinə toxunaraq vurğulayır ki, “Azərbaycandakı seçkidə hazırkı prezident İlham Əliyevin qələbə qazanacağı ehtimalı çox yüksəkdir”.
Sənəddə deyilir ki, Dağlıq Qarabağ problemi ilə bağlı münaqişə tərəfləri arasında vasitəçilik etmək üçün hələ 1992-ci ildə ATƏT-in Minsk qrupu yaradılıb, lakin bu təşkilatın fəaliyyəti münaqişənin həlli üçün qeyri-səmərəli olub. Status-kvonun davam etməsi dünya birliyi tərəfindən tənqid edilsə də, münaqişənin həllinə vasitəçi kimi cəlb edilmiş dövlətlərin status-kvonun dəyişdirilməsi istiqamətindəki cəhdlərində siyasi iradə çatışmazlığı ciddi şəkildə hiss edilməkdədir.
Regiondakı iqtisadi vəziyyətdən danışan müəllif qeyd edir ki, son 10 il ərzində region ölkələri fərqli iqtisadi inkişaf nəticələri əldə ediblər. Əgər Azərbaycan sürətlə inkişaf edərək ikirəqəmli illik iqtisadi artım sürətinə nail olubsa, Gürcüstan və Ermənistanda inkişaf daha zəif gedib. 2009-cü il maliyyə böhranı zamanı Ermənistan və Gürcüstan iqtisadi geriləmə yaşasa da (bu ölkələrin ümumdaxili məhsulları böhran illərində müvafiq olaraq 14 və 4 faiz azalmışdır), Azərbaycan pozitiv inkişaf tempini qoruyub saxlayıb. Hesabatda vurğulanır ki, Dünya İqtisadi Forumunun son “Qlobal Rəqabətqabiliyyətlilik İndeksi”nə əsasən, iqtisadi baxımdan Azərbaycan dünyanın 39-cü, Gürcüstan və Ermənistan isə müvafiq olaraq 72 və 79-cu ən rəqabətqabiliyyətli ölkələri adlandırılıblar.
ISPI Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan yeganə Cənubi Qafqaz dövləti kimi Rusiyanın regiondakı təsir imkanlarının qorunub saxlanmasında önəmli rol oynadığını yazır.: “Ermənistan hökuməti əslində bütün önəmli xarici siyasət və təhlükəsizlik sahəsindəki qərarlarını rəsmi Moskva ilə razılaşdırmalıdır ki, bu da iki dövlət arasında qeyri-bərabər münasibətlərin mahiyyətini ortaya qoyur”.
Hesabatın Azərbaycanla bağlı olan hissəsində müəllif təhlükəsizliklə bağlı məsələlərdən danışır və 2011-ci ildə Azərbaycanın yalnız hərbi xərcləri Ermənistanın dövlət büdcəsini üstələdiyini qeyd edir.
Hesabata əsasən, son 10 illik dövr ərzində Azərbaycanda daxili proseslər siyasi sabitlik və inkişafla yadda qalıb. Müəllif vurğulayır ki, nəticədə “müxalifət partiyaları marginallaşmağa davam etmiş, parçalanaraq daha çox bir-birlərinə qarşı mübarizə aparmaqla məşğul olmuşdur.” Müxalifətin 2013-cü il seçkilərindəki əsas namizədi Rüstəm İbrahimbəyov ikili vətəndaşlığının mövcudluğu səbəbindən seçki prosesində iştirak edə bilməmiş, onu əvəzləyən Cəmil Həsənlinin isə, müəllifin fikrincə, yuxarıda sadalanan səbəblərdən seçkidə qalib gəlmək üçün şansını itirmişdir.
Müəllif vurğulayır ki, ötən onillik ərzində Azərbaycanın siyasi sistemi ən yüksək səviyyədə sabitlik nümayiş etdirib və bu siyasi sabitliyin qarşıdakı on il ərzində də davam edəcəyi gözləniləndir. Bu dövr ərzində Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin başa çatması, TANAP və TAP boru kəmərləri layihələrinin reallaşması həm Azərbaycanın iqtisadi imkanlarını artıracaq, həm də onun Avropadakı əməkdaşları ilə əlaqələrini gücləndirəcək.
Ekspert qeyd edir ki, “Azərbaycanda İlham Əliyevin 2013-cü il oktyabr seçkilərində gözlənilən qələbəsi ilə siyasi sistemin sabitliyi təmin ediləcək və bu durum qarşıdakı on il müddətində də davam edərək ölkə iqtisadiyyatına yeni sərməyalər üçün əlverişli şərait yaradacaq”.
DOSTLARINLA PAYLAŞ: