"Azərbaycan çətin anda bizə arxa oldu"
19 May 2011 Cümə Axşamı 19:22
Belarus prezidenti buna xeyirxahlıqla cavab verməyə borclu olduqlarını deyib
Belarus prezidenti Aleksandr Lukaşenko ağır anlarda verdiyi dəstəyə görə Azərbaycana minnətdar olduğunu bildirib. Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubovu qəbul edən Belarus prezidenti bildirib ki, ölkələrimiz arasında münasibətlərin əsasını mehriban dostluq hissləri təşkil edir.

O bildirib ki, Y. Eyyubovu qəbul etməyə bilməzdi: “Siz bizə çox kömək etdiniz. Bizim müstəqilliyimiz və suverenliyimiz bu gün enerji daşıyıcılarından, xammal və materiallardan çox asılıdır, iqtisadiyyatımız belədir. Siz bizə kömək oldunuz, ötən il də həmçinin”.

Lukaşenko deyib ki, bu gün onlar yüksək keyfiyyətli Azərbaycan neftini emal edirlər: “Venesuela kimi sizə də bizim müstəqilliyimizi müdafiə və xilas etdiniz. Buna görə sizə səmimi qəlbdən minnətdarıq. Münasibətlərimizdə qapalı heç nə yoxdur. Azərbaycanla münasibətlərimizə dair o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında nə deyirlərsə, desinlər, Siz çətin anda bizə arxa olmusunuz, biz buna xeyirxahlıqla cavab verməyə borcluyuq”.

Belarus prezidenti İlham Əliyevə də mesaj göndərib: “Prezident İlham Əliyevə çatdırın ki, Bakıya səfərim zamanı əldə olunan razılaşmalara sadiq qalacağıq. Biz sizə azarkeşlik edirik. İqtisadiyyatınızdakı inkişafdan başlayaraq “Eurovision”da iştirakınıza qədər. Azərbaycanın “Eurovision”da qələbəsi ölkənizin yüksək mədəniyyətə malik olmasının nümunəsidir”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar