Avropaya qaz nəqlinə 2014-cü ildə başlanacaq
16 Sentyabr 2009 Çərşənbə 18:55
Bakı. Rəşad Süleymanov – APA-ECONOMICS. «Nabucco» qaz kəmərinin tikintisinə 2011-ci ildə başlanacaq və bu kəmər vasitəsilə ilk qazın Avropaya nəqli 2014-cü ildə baş tutacaq. Bunu «APA-ECONOMICS»ə açıqlamasında «Nabucco» Beynəlxalq Qaz Kəməri Şirkətinin direktoru Reynhard Mitçek bildirib.
R.Mitçekin sözlərinə görə, iyul ayında Ankarada hökumətlərarası saziş imzalanandan sonra maliyyələşdirmə ilə bağlı bir sıra beynəlxalq maliyyə institutları – Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası ilə danışıqlara başlanıb: «Artıq Azərbaycanda təchizatçı şirkətlərlə də danışıqlara başlamağın vaxtı çatıb. Ümid edirəm ki, təchizat məsələləri yaxın gələcəkdə öz həllini tapacaq».
R.Mitçekin fikrincə, Azərbaycan «Nabucco» layihəsində iki nöqteyi-nəzərdən əhəmiyyət kəsb edir: təchizatçı və tranzit ölkə olması. Şirkət rəsmisi bu gün Bakıda layihənin digər payçıları olan Bolqarıstanın «Bulgargaz», Rumıniyanın «Transgaz»və digər payçı şirkətlərlə müzakirələr apardığını da qeyd edib.
R.Mitçek layihə çərçivəsində mövcud – Cənubi Qafqaz Boru Kəmərinin ötürmə gücünün 31 mlrd. kubmetrə (hazırda illik ötürmə gücü 8 mlrd. kubmetrdir) qədər artırılma imkanlarının olduğunu da vurğulayıb: «Kəmərin ilkin mərhələdə doldurulması üçün təchizat mənbələri olaraq Azərbaycan, İraq və Türkmənistan nəzərdə tutulur. Gələcəkdə digər mənbələrin seçimi də mümkündür».
OMV şirkətinin idarə heyətinin üzvü Verner Auli isə qeyd edib ki, «Nabucco» iqtisadi baxımdan həm «Şimal axını», həm «Cənub axını», həm də İTGİ layihələrindən səmərəli hesab olunur: «Biz bu layihənin üzərində işləyərkən mövcud rəqabət mühitini də nəzərə almışıq. «Nabucco»nun digər sadalanan xətlərdən fərqi onun daha çox mənbədən qaz alaraq daha çox təchizatçıya paylamasıdır».
V.Auli layihə çərçivəsində Türkiyənin tranzit müqabilində 15% pay təklifinin də öz həllini tapdığını vurğulayıb. Aulinin sözlərinə görə, bu, hökumətlərarası saziş çərçivəsində olmasa da, həm Türkiyənin, həm də iştirakçı şirkətlərin lehinə öz həllini tapıb.
Qeyd edək ki, Xəzər regionundan Türkiyə və Balkan yarımadası vasitəsilə Mərkəzi Avropaya təbii qazın ixracı üçün nəzərdə tutulan «Nabucco» kəmərinin inşası məqsədilə yaradılan «Nabucco Gas Pipeline İnternational GmbH.» konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), «Transgaz» (Rumıniya), «Bulgargaz» (Bolqarıstan), «BOTAŞ» (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub. Hər bir tərəfdaş şirkətin konsorsiumda payı 16,67% təşkil edir. Layihənin xərclərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək. Bu yaxınlarda layihənin ümumi investisiya dəyəri 4,6 mlrd. avrodan 7,9 mlrd. avroyadək (12,3 mlrd. ABŞ dolları) artırılıb.
İtaliya bəstəkarı Cüzeppe Verdinin 1842-ci ildə yazdığı operanın personajı Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3300 km olacaq, illik nəqletmə gücü isə 31 mlrd. kubmetr həcmində nəzərdə tutulub. Layihə çərçivəsində ilk qazın artıq 2013-cü ildən sonra Avropaya çatdırılması planlaşdırılır.
DOSTLARINLA PAYLAŞ: