Avropanın şıltaq oğlu borc içində üzür
07 Dekabr 2012 Cümə 22:25
İrlandiyada yaşayan hər bir vətəndaşa təxminən 566 000 dollar borc düşür.
Son illər müşahidə olunan iqtisadi böhran Avropanın mənzərəsini xeyli dəyişib. İqtisadi böhran bu qitənin bir çox ölkələrinin xarici borcunu kəskin artırıb. Hazırda xarici borcunun həcminə görə, vəziyyəti ən pis olan ölkə çoxlarının güman etdiyi kimi Yunanıstan deyil, məhz “Avropanın şıltaq oğlu” deyilən İrlandiyadır. Rəsmi rəqəmlərə inansaq, bu ölkənin xarici borcu ümumidaxili məhsuldan təxminən 14 dəfə çoxdur.
İrlandiyanın düz 2,5 trilyon dollara yaxın xarici borcu var. Başqa sözlə, İrlandiyada yaşayan hər bir vətəndaşa təxminən 566 000 dollar borc düşür. Böhran ölkədə işsizlər ordusunun artmasına da rəvac verib. Bu ölkədə işsizliyin səviyyəsi son 18 ildə ən yüksək həddə qalxıb.
İş o yerə çatıb ki, işsiz irlandlar iş dalınca xaricə üz tutmağa başlayıb. İş üçün miqrasiya edənlərin bir qismi MDB ölkərində belə iş axtarırlar. İrlandiyanın rəsmi orqanlarının açıqlamasına inansaq, bu ölkələr arasında Rusiya, Qazaxıstan, hətta Azərbaycan da var.
Əlbəttə ki, belə gedişatdan ilk növbədə sadə vətəndaş narazıdır. Onlar hökuməti yetərli addımlar atmamaqda ittiham edirlər.
Ekspert Stenli Vudvord hesab edir ki, İrlandiyanın dövlət xərclərinin artması, eləcə də bu ölkənin büdcəsində müşahidə olunan kəsir hökumətə sosial öhdəliklərini yerinə yetirməyə imkan vermir: “Son böhran dalğasının İrlandiya iqtisadiyyatına 30 milyard avrodan çox ziyan vurduğu güman edilir. Bu isə bizə yaxşı heç nə vəd etmir”.
Ekspertlər yarı zarafat, yarı ciddi deyirlər ki, bir vaxtlar iqtisadi inkişafina görə, İrlandiyada məskunlaşan qədim İrland tayfalarından biri olan keltlərin şərəfinə “Kelt pələngi” adlandırılan İrlandiyanın indi nərildəməyə belə gücü qalmayıb. İrlandiyanın iqtisadiyyatının əsas gəlir mənbələri olan turizm, əczaçılıq və yeyinti məhsullarının istehsalı da indi çətin günlərini yaşayır. İrlandlar indi ümidlərini Avropadaki digər qonşularının da üzv olduğu Avropa Birliyinin yardımına bağlayırlar. Qurum artıq bu ölkəyə 85 milyardlıq maliyyə yardımı edib.
Təkcə İrlandiya yox, eləcə də böhran içində üzən başı bəlalı Yunanistan, İspaniya və Portuqaliya da tamamilə Avropa Birliyinin ayıracağı yardımdan asılıdır. Mütəxəssislərin Avropanın gələcəyi ilə bağlı bədbin proqnozu da məhz bununla bağlıdır. Sadə dillə desək, əgər bu dövlətlər batsalar, özləri ilə Avropa Birliyinə üzv digər ölkələri də dartacaqlar.
DOSTLARINLA PAYLAŞ: