Avropada şaxtadan ölənlərin sayı 250 nəfəri ötüb
06 Fevral 2012 Bazar Ertəsi 01:31
Bosniyada regional sammitdə iştirak edən Serbiya və Xorvatiya prezidentləri hava şəraiti ilə bağlı vətənlərinə qayıda bilmirlər.
Avropada soyuq hava nəticəsində ölənlərin sayı artmaqdadır. Kəskin şaxta və qar mülayim iqlim zonasına aid olan Cənubi Avropanı da cənginə alıb. Şaxtalı hava maraqlı görüntülərə səbəb olub. İnsanlar ev heyvanlarını soyuqdan qorumaq üçün qeyri-adi üsullar icad ediblər.

Həftə ərzində Avropada şaxtalı havadan ölənlərin sayı artıq 250 nəfəri ötüb. Təkcə Ukraynada ölənlərin sayı 101 nəfərə çatıb. Ölümcül şaxtanı nəzərə alan Ukrayna hökuməti məktəblərdə dərsləri bir neçə günlük təxirə salıb. Rusiyada 60, Polşada 43, Rumıniyada 24 nəfər soyuq havanın qurbanı olub. Sərt hava şəraiti Serbiyada fövqaladə vəziyyətin elan edilməsinə səbəb olub. Bu ölkədə anomal hava şəraitindən azı 6 nəfərin öldüyü bildirilir. Yüksək gərginlikdən elektrik naqilləri qırılıb. Nəticədə ölkə əhalisinin enerji təminatında ciddi pozuntular baş verib. Almaniyada gecə saatlarında havanın temperaturu mənfi 15 dərəcəyə düşüb.

Soyuqlar adətən mülayim iqlimə malik Cənubi Avropadan da yan keçməyib. İspaniyanın Aralıq dənizi sahillərində yerləşən çimərliklərinə belə qar yağıb. Kataloniya vilayətində 100 təhsil ocağı qar səbəbindən müvəqqəti bağlanıb, 20 mindən çox şagird dərsə gedə bilməyib. Romada isə çox nadir hallarda yağan qar, həyatı çətinləşdirsə də, bəzi insanların sevincinə səbəb olub. Ölkənin qədim tarixi abidələri ziyarətçilərin üzünə müvəqqəti olaraq qapanıb. Polis, yanğınsöndürmə, xilasetmə və təcili yardım işçilərindən başqa bütün dövlət qulluqçuların bir neçə günlük istirahət verilib. Sinoptiklər anomal hava şəraitinin həftə sonuna kimi davam edəcəyini xəbər verir.

Avropada hökm sürən soyuq və qarlı hava prezidentləri də çətin vəziyyətə salıb. Belə ki, Bosniyada dağ kurortlarından birində regional sammitdə iştirak edən Serbiya prezidenti Boris Tadiç və Xorvatiya dövlət başçısı İvo Yosipoviç hava şəraiti ilə bağlı vətənlərinə qayıda bilmirlər. Burada sammit başa çatsa da, prezidentlər yolların keçilməz olması səbəbindən kurort şəhərində qalıblar. Bosniyanın paytaxtı Sarayevanın əsas hava limanından da təyyarələr uça bilmir.

Qonşu Türkiyədə də soyuq və qarlı hava şəraiti davam edir. Ölkənin Balıkəsir bölgəsində 355 kəndin yolu tamamilə bağlanıb və kəndlər təcrid olunub. Yerli hakimiyyət vətəndaşlara müraciət edərək ehtiyatlı olmağa, xüsusilə kömür sobaları və elektriklə diqqətli davranmağa çağırıb. Ölkənin Zonquldağ bölgəsində isə son 30 ilin ən soyuq havası, mənfi 13 dərəcə şaxta qeydə alınıb. Ölkənin əsas şəhərlərində qarlı və şaxtalı hava nəqliyyatın hərəkətini çətinləşdirib.

Soyuq hava maraqlı görüntülərə də səbəb olub. Evlərdən birinin damında uzunluğu 9 metrə çatan buz yaranıb. Soyuq havalar yalnız insanları deyil, heyvanları da çətin vəziyyətə salıb. Bitlis rayonunda bir neçə toyuğu şaxtadan donaraq ölən insanlar, qalanlarını soyuqdan qorumaq üçün maraqlı üsuldan istifadə edirlər. Kəndlilər toyuqların donub ölməməsi üçün onların ayaqlarına corablar geyindiriblər. Kəndlilərin çox sayda heyvanları da donaraq ölüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar