“Avropa Xəzəryanı ölkələrdən qazı birbaşa almaq istərdi”
26 May 2011 Cümə Axşamı 10:50
Avropa Komissiyası “Cənub axını” qaz kəmərinin tikintisi layihəsini dəstəkləyəcək.
“APA-Economics”in “İnterfax”a istinadən xəbərinə görə, bu bəyanatla layihənin Brüsseldə keçirilən təqdimat mərasimində energetika məsələləri üzrə avrokomissar Günter Ottinger çıxış edib.
“Biz bürokratik əngəllər və əsassız məhdudiyyətlər yaratmayacaq, ədalətli tərəfdaş olacağıq” - deyə G.Ottinger qeyd edib.
Avropa Komissiyasının təmsilçisi “Cənub axını”nın nəql marşrutlarının diversifikasiyasında həm Rusiya, həm də Avropa üçün böyük əhəmiyyətə malik olduğunu vurğulayıb: “Avropa İttifaqı Xəzəryanı ölkələrdən qazı birbaşa almaq istərdi”.
Qeyd edək ki, “Cənub axını” qaz kəməri layihəsi Avropanın qaza olan ehtiyacını Rusiya qazı hesabına ödəməyi nəzərdə tutur. Bu baxımdan “Cənub axını” kəməri Avropa ölkələrinin dəstəklədiyi “Nabucco” layihəsinin birbaşa rəqibidir. Smeta dəyəri 25-30 mlrd. dollar arasında qiymətləndirilən layihənin son marşrutu hələlik müəyyənləşdirilməyib. Kəmərin ümumi uzunluğu 900 km, ötürmə qabiliyyəti ildə 63 mlrd. kubmetr olacaq. Rusiya indiyədək Bolqarıstan, Serbiya, Macarıstan, Yunanıstan, Sloveniya və Xorvatiya ilə layihənin quru hissəsinin reallaşması üçün hökumətlərarası sazişlər imzalayıb. 2015-ci ilin dekabrında işə salınması gözlənilən kəmərin tikintisi ilə Rusiyanın “Qazprom” şirkəti, İtaliyanın “ENİ” konserni və Fransanın “Electricite de France” (EdF) şirkəti məşğuldur.
DOSTLARINLA PAYLAŞ: