Avropa təbiət qarşısında diz çöküb
01 Mart 2010 Bazar Ertəsi 17:35
Təbii fəlakət 60 nəfərin həyatına son qoyub
Avropanın cənub qərbində baş verən güclü fırtına qitənin bir çox ölkələrində həyatı iflic edib. Güclü yağış və sellə müşayiət olunan Sintia qasırğası İspaniya, Portuqaliya və Fransaya ciddi ziyan vurub. Təbii fəlakət nəticəsində 60-dan çox insanın öldüyü bildirilir.
Sintia qasırğasının ən çox zərər vurduğu ölkə isə Fransa olub. Son 11 ildə ən güclü külək səbəbindən ölkə ərazisində dəmir yol nəqliyyatının hərəkətində ləngimələr baş verib. Bütün təyyarə səfərlərinin təxirə salınması ilə yanaşı ölkədə 900 mindən çox insan işıqsız qalıb. Gücü saatda 200 kiolometrə qədər olan külək iri gövdəli ağaclarla yanaşı elektrik dirəklərini də aşırıb. Ölkənin cənubunda və qərbində isə güclü yağış və sel nəticəsində onlarla insanın boğulduğu bildirilir.
İspaniya və Portuqaliyada da yağışla müşayiət olunan qasırğa insan tələfatı ilə nəticələnib. İki nəfər avtomobillərin üzərinə aşan ağaclar altında qalıb. Baş verən sel daşqınlarının da insanların ölümünə səbəb olduğu bildirilir. İspaniyada təbii fəlakət 27 mindən çox evi işıqsız qoyub.
Portuqaliyanın Atlantik okeanı hövzəsində saatda 140 kilometrə qədər sürətlə əsən külək bir çox dağıntılara səbəb olub.
Belçika və Almaniyada da güclü yağış və külək sosial həyatı iflic edib. Almaniyada baş verən sel fəlakəti bir nəfərin həyatına son qoyub. Hava limanlarının işində isə fasilə yaranıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: